TƏLİM NƏTİCƏSİ 3
Həmsöhbətinizə qarşı diqqətli olmağınızı göstərmək istəyirsinizsə, söhbət zamanı ona suallar verməyi və qısa cümlələrlə fikir bildirməyi də unutmayın. Bu, sizin həqiqətən də həmin insanın dedikləri ilə maraqlanmağınızı, ona hörmət etdiyinizi göstərəcək. Lakin nəzərə alın ki, hədsiz çox sual verməyiniz gülməli görünə bilər. Yaxşı olar ki, həmsöhbət fikrini izah edib bitirdikdə ona sualla müraciət edəsiniz. Növbəti sualı isə növbəti fikrini bitirdikdə verin. Tez-tez və mənasız suallar isə söhbəti kəsmək kimi görünə bilər. Həm də insan özünü sorğu-sualda hiss edər. Bəzi insanlar isə çox sual verən adamlara etibar etmirlər. Belələrinə elə gəlir ki, onlar nə isə öyrənməyə və bunu onlara qarşı istifadə etməyə çalışırlar. Əgər söhbət zamanı qarşıdakına həqiqətən də diqqətlə qulaq asmağınızı göstərmək istəyirsizsə, bədən və üzünüzü həmsöhbətə qarşı çevirin.
3.3.1 ŞİKAYƏT EDƏNLƏRƏ QARŞI EMPATİYA NÜMAYİŞ ETDİRİR
EMPATİYANIN NÜMAYİŞ ETDİRİLMƏSİ
Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur.
İnsan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hisləri keçirdiyini, mənəvi əziyyətləri, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir. Empatinin əsas müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini qınamadan əvvəl onun niyə belə hərəkət etməsini analiz etməyimizə yardımçı olmasıdır. Empati qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır.
Empatiyanın əksi antipatiya deməkdir. Fransızcadan isə “qarşı duyğu, nifrət, sevməmək” kimi ifadə olunur.
Empati əsasən iki yerə ayrılır:
Hissi empatiya
Eyni zamanda duyğu empatiyası da deyilir. Bu empati növü əsasən insanları yaxşı başa düşməyə, hər
hansı mövzuda onların hansı hiss-həyəcanı keçirdiklərini anlama qabiliyyətidir.