TƏLİM NƏTİCƏSİ 2
Adətən, tədbir təşkilatçılarına maddi vəsaiti olub, amma vaxtı olmayan və bu işdə peşəkar bacarıq tətbiq etmək imkanına malik olmayan şəxslər müraciət edirlər.
Tədbirlər işgüzar (biznes), təhsil, əyləncəvi, xeyriyyəçilik, kütləvi, idman və digər xarakterli olduğu üçün hər birinə uyğun olaraq fərqli mövzuları müəyyənləşdirmək təşkilatçının əsas funksiyalarındandır.
Hazırki dövrdə tədbir təşkilatçıları fəaliyyətlərini daha çox ixtisaslaşmış agentliklər formasında həyata keçirirlər.
Tədbir və mərasimlərin təşkili ilk növbədə tədbirin ideya və mövzusundan ibarət olan konsepsiyanın
hazırlanmasından başlayır. Tədbirin konsepsiyası müştərinin fikirləri əsasında şirkətin yaradıcı
komandasının ideyalarını sənədləşdirilməsidir. Konsepsiyada tədbirin necə və nə vaxt təşkil ediləcəyi
ilə bağlı ana fikirlər yer almalıdır. Konsepsiya özündə:
1) Tədbirin məqsəd və vəzifələrini;
2) Tədbirin hansı auditoriyaya istiqamətləndiyi;
3) Tədbir təşkilatçıları və partnyorlar barədə məlumatları;
4) Tədbirin büdcəsi barədə ümumi məlumatları və digər informasiyaları birləşdirə bilər.
Məqsəd və vəzifələrin formalaşdırılması işə başlamaq üçün əsas məqamlardır. Bu tamamilə məcburi mərhələdir. Fəaliyyətin bütün digər mərhələlərində də məhz bu uyğunluğa riayət etmək lazımdır.
Tədbir süjet xətti və ya tematik tədbirlər üzrə formalaşsa da, hər iki halda tədbirin uğurlu olması mövzunun ssenariləşdirilməsini tələb edir.
Tədbirin ssenarisi
Tədbirin ssenarisi mövzu üzrə cərəyan edəcək hadisələrin giriş, düyün, kulminasiya və nəticəsinin əvvəlcədən nəzərdə tutulmasıdır. Beynəlxalq tədbir təşkilatçısı şirkətlərində tədbir- ssenaristləri mövcud olur və işin bu hissəsini onlar həyata keçirirlər. Peşəkar tədbir təşkilatçısı isə öz vəzifələrindən başqa bu keyfiyyəti də özündə birləşdirməlidir.
Tədbirin ssenarisi hazırlanarkən də müştəri ilə məsləhətləşmək və müştəriyə tədbirin layihəsinin son təqdimat versiyasını nümayiş etdirmək vacibdir.
Ssenaridə tədbirin hər bir dəyişən anında hansı hadisələrin cərəyan edəcəyi göstərilməlidir. Ssenaridə
iştirakçılar, qonaqlar, bədii-yaradıcı kollektiv və digər cəlb edilmiş xidmətlər və texniki vasitələr
əks olunmalıdır.
Müştəri tədbirin ssenarisi haqqında ümumi olaraq aşağıdakıları bilməlidir:
- Yaradıcı kollektivin təqdimatı (müğənnilər, animatorlar və digər yaradıcı şəxslərin siyahısı)
- Tədbirin zamanlaması (Tədbir zamanı nəzərdə tutulan hadisələr və onların davamiyyəti)