GİRİŞ
Müasir dövrdə tədbirlər və mərasimlərin təşkili xüsusi peşəkarlıq tələb edən fəaliyyət növü hesab edildiyindən onun tədrisi artmaqda olan bazar tələbləri şəraitində vacib faktorlardan birinə çevrilmişdir. Tədris vəsaitində təşkilatçıya aid ən mühüm funksiyalar qiymətləndirilmişdir. Tədbir təşkilatçısı yaradıcılıq, sahibkarlıq, idarəedici keyfiyyətlərini özündə birləşdirməlidir.
Bütün dünyada bu sahənin sürətli inkişafı dövlət və özəl investisiya şirkətlərinin marağını cəlb etməkdədir. Ənənəvi olaraq kütləvi tədbirlər eyni növ prosedurların tətbiq edilməsi ilə müəyyən edilmiş şəxslər üçün həyata keçirildirsə, bazar şəraitinin yaxşılaşması, texnologiyanın tətbiqi bu sahədə həm təşkilatçıların, həm də müştərilərin böyük miqyasda cəlb edilməsinə səbəb olmuşdur. Demək olar ki, müxtəlif ölkələrdə tədbirlər öz adət-ənənələrinə uyğun olaraq inkişaf etsə də, qloballaşan dünya şərtləri hər hansı ölkəyə xas olan tədbirin digər ölkələrə də yayılmasına şərait yaratmışdır.
Tədbirlərin təşkili sahəsi marketing alətlərinin tətbiqi sahəsində o qədər geniş vüsət almışdır ki, artıq gəliri olan hər bir insan öz və ailə üzvlərinin həyatındakı hansısa xüsusi günləri məhz təşkilatlanmış formada keçirməyin labüd olduğunu düşünür. Bunun üçün də peşəkar tədbir təşkilatçısı agentliklərinə müraciət edilməsinə ehtiyac yaranır. Həmçinin, şirkətlərin korporativ tədbirlərini keçirərkən əvvəlki tədbirlərdən daha yaxşı olmasına meyllənmələri bu iş üçün çəkiləcək xərclərini də artırır.
Tədbir təşkilatçısı keçiriləcək tədbirləri konsepsiya üzrə planlaşdırmadan başlayır. Sifarişçilərinin tələblərinin müəyyənləşdirilməsi və onlara uyğun ssenarilərin təklif edilməsi, tədbir keçiriləcək məkanların seçilməsi, təchizatçılar və işçi heyətinin müəyyənləşdirilməsi vəzifələri təşkilatçının bilik və bacarıqlarında əks olunmalı xüsusiyyətlərdir.
Tədbir təşkilatçısı kommersiya məqsədli tədbirlər zamanı sahibkarlıq bacarıqlarını ortaya qoyaraq mümkün qədər daha az xərc çəkməklə daha çox gəlir əldə edilməsinə istiqamətlənməlidir.