TƏLİM NƏTİCƏSİ 4
3 və ya 4-cü tipli şəhərlərdə yaşayan (yerləşən) müştərilər isə eyni tədbir üçün Sizi daha aşağı qiymət təklif etməyə bir növ “məcbur” edirlər.
3. Xidmət forması.
Tədbir təşkilatçısı xidmətləri üçün qiymət təyin edərkən xidmətin göstərilmə formasını da nəzərə almalıdır:
- Fiks saat hesabı ödəniş. Siz göstərdiyiniz xidmət üçün fəaliyyət müddətiniz hesablanaraq ödəniş təyin edirsiniz. Məsələn, 1 saat üçün 200 AZN. Müştərilər təşkilatçının bu təklifi zamanı neçə saatlıq fəaliyyət olacağını əvvəlcədən bilmək istəyirlər. Bunun üçün tədbir təşkilatçısı tədbirin planlaşdırılması, koordinasiyası və keçirilməsi, tədbir sonrası məkanın azad edilməsi üçün sərf ediləcək zamanı da xidmətin dəyərinə daxil etməlidir. Çalışmaq lazımdır ki, bu müddətləri peşəkar şəkildə müəyyən edib müştəri qarşısında əsaslandıra biləsiniz ki, saxtakar təsəvvürü yaratmış olmayasınız.
- Birdəfəlik ödəniş. Müştərinin tələbləri və daha əvvəl qeyd etdiyimiz amillər (müştəri təbəqəsi, ərazi) nəzərə alınmaqla bütün işlər üçün müəyyən qiymət təyin edirsiniz. Adətən, bəzi müştərilər üçün bu hətta dəyərindən baha olsa da, daha rahatdır. Çünki, ödənişi birdəfə edirlər və əlavə heç bir xərc çəkməli olmurlar.
- Tədbir gəlirindən faiz. Əgər tədbir üzrə gəlirlər gözlənilirsə, bu zaman tədbir təşkilatçısı xidmət haqqı olaraq tədbirin gəlirlərindən əldə edəcəyi faizi əvvəlcədən razılaşdırır. Bu zaman tədbir təşkilatçısı bütün yerlərin dolmaq ehtimalını böyük dəqiqliklə hesablamalıdır. Çünki, nəzərdə tutulan gəlir olmadığı halda, tədbir üçün çəkilən xərcin dəyəri qarşılanmamış qala bilər. Belə növ qiymət razılaşması həm müştəri, həm də təşkilatçı sərfəlidir. Çünki, müştəri əmindir ki, tədbir təşkilatçısı özü daha yüksək gəlir əldə etmək üçün bilet satışının düzgün təşkili ilə bağlı daha çox səy göstərəcək. Təşkilatçı isə bilir ki, öz gəliri öz fəaliyyətindən asılıdır. Hətta, əvvəlcədən müəyyənləşdirilmiş məkanın doldurulması faizindən daha çox iştirakçı cəlb etməyi mümkündür.
- Komissiya. Daha əvvəki mövzularda da qeyd etdiyimiz kimi, təşkilatçı tədbir keçirilən məkan sahibindən, turizm şirkətlərindən, otellərdən öz komissiyasını ala bilər. Bu zaman da təşkilatçı tərəfindən qiymət olaraq faiz müəyyən edilməlidir. Bu tip qiymət strategiyası zamanı təşkilatçı müxtəlif məkanlardan müxtəlif faizlər tələb edə bilər. Gözlənilməli qayda odur ki, məkanlar arasındakı faiz fərqi real səbəblər əsasında olsun. Daha çox müştəri apardığı məkandan daha yüksək faiz tələb edə bilər. Daha az müştəri apardığı məkan sahibi isə daha az faiz verəcək.
Tədbir təşkilatçısının qiymət strategiyasına təsir edən amillər zamana və şəraitə görə hər zaman dəyişə bilər. Dövlət müəssisələri və özəl müştərilər arasında hər zaman qiymətin müəyyənləşdirmə və xidmət haqqının alınması formasında fərq olur. Tədbir təşkilatçısı o dərəcədə öz işinin peşəkarı olmalıdır ki, müştəridə qiymətlə bağlı yaranan sual zamanı müştərini inandıra bilsin ki, onun üçün təşkil edəcəyi tədbir xüsusi əlavə dəyərlərə sahib olacaq.