GİRİŞ |
Mehmanxananın imici yerləşdiyi ərazidən, personalın peşəkarlığı, ünsiyyəti və xarici görünüşündən, göstərilən xidmətlərin yüksək standartlara cavab verməsindən asılıdır və bu amillər müştəriləri otelə daha çox cəlb edir.
Bu kitab otel və turizm sahəsində çalışan mütəxəssislərə və bu sahələr üzrə təhsil alan tələbələrə kömək məqsədi ilə yazılmışdır. Dərs vasaitində, mahmanxanaların inkişaf tarixi, otelin müxtəlif şöbələrinin strukturları, o cümlədən qəbul, yerləşdirmə və xidmət, marketinq, təsərrüfat, təhlükəsizlik, kadrlar şöbələrinin funksiyaları, restoran servisi, diplomatik tədbirlərin təşkili haqqında geniş məlumat verilir. Dərs vəsaitində əvvəllər mehmanxanalarda, nömrələrin bronlaşdırılması, qəbulu, yerləşdirilməsi və xidməti üçün istifadə olunan blanklar, yazı üsulları, iş prinsipləri göstərilməklə, yeni iş metodları, vəzifə bölgüləri, şöbələrin strukturu, beynəlxalq bronlaşdırma sisteminin işi də geniş açıqlanır. Beləliklə, köhnə və yeni iş üsulları, prinsipləri arasında körpü yaranaraq, vəhdət təşkil edir. Dünənə qədər köhnə iş üsulları ilə çalışan otel personalı, yeni iş metodlarına tez bir zamanda yiyələnməli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməlidir. Hər bir sahədə olduğu kimi, mehmanxana sahəsində də yüksək səviyyəli mütəxəssis olmaq üçün otelçilik işinin keçmişini, indiki vəziyyətini və gələcək perspektivlərini bilmək lazımdır. Dərs vəsaitinə otelin idarə olunmasında kompüter sistemlərinin rolu öz əksini tapmışdır. Bundan başqa kitaba mehmanxanalar haqqında Beynəlxalq Sənədlər, otel və restoran xidmətinə aid qısa “ingilis- Azərbaycan terminləri lüğəti” əlavə olunmuşdur.