Bu halda mehmanxananın əsas (baş) kassasından, qonağın ərizəsinə və şəxsiyyətini təsdiq edən sənədə əsasən pul qaytarılır. Bunun üçün məxaric-kassa orderi yazılır. Bütün sənədlər (nəzarət-kassa çeki, qonağın ərizəsi, məxaric-kassa orderi və ilk yazılmış çek) mühasibataverilir.
Təcrübə göstərir ki, bir-sıra mehmanxananın işçiləri bu əməliyyatı apararkən səhvə yol verirlər. Ən geniş yayılmış səhv, sənədləşmə olmadan, nəzarət-kassa aparatında pulun qaytarılması üçün çekin vurulmasıdır. Bu zaman çek vurulur, pulun qaytarılmasını təsdiq edən sənədləşdirmə aparılmır və kassada pul əskik olur. Buna görə sənədləşdirilmə düzgün aparılmalı, çek, akt, jurnalda qeydiyyat, müştərinin ərizəsi, imzası vəs. olmalıdır.
4.4.1.
QONAĞIN OTELDƏN ÇIXIŞ QEYDİYYATINI (CHECK OUT-U) İCRA EDİR
QONAĞIN OTELDƏN ÇIXIŞ QEYDİYYATINI (CHECK OUT)
Qonaq mehmanxananı tərk edən zaman son hesablaşma, mehmanxananın Ön bürosunun kassasında(cashier desk) yerinə yetirilir. Kassada qonağın bütün xərcləri hesablanır. Mehmanxananın bütün bölmələrindən Ön büroya qonaq haqqında məlumat daxil olur və qonağın hesablaşmanın hansı növü ilə ödəyəcəyi müəyyənləşdirilir. Qonağın oteldə qaldığı müddətdə, istifadə etdiyi bütün xidmətlərin hesabı, onun kart-hesabında qeyd olunur (guest account, guest bill, guest statement). Bu kart-hesabda, həmçinin qonağın əvvəlcə ödənilən və ya onun əvəzinə təşkilatın ödədiyi hesablar qeyd olunur. Bu kart-hesaba əsasən, qonaq oteli tərk edərkən, ona ödənilmiş hesab təqdim olunur. Adətən, bu hesaba yaşayış, səhər yeməyi (yaşayış hesabına daxil olmayan) restoranda yemək (yerində ödənilməyibsə), telefon, kabel televiziyası (pullu kanaldan istifadə edibsə), əlavə xidmətlər (paltarın yuyulması, kimyəvi təmizləmə, avtomobil sifarişi, ekskursiya, otağa yemək sifarişi (room service), sauna və s. daxildir.
Qonağın mehmanxananı tərk etməsinin qeydiyyatını aparan bölmə, digər bölmələri bu barədə məlumatlandırır (informasiya, telefon və ilk növbədə təsərrüfat bölməsi). Bu məlumatdan sonra, gedən qonağın otağını yığışdıran təsərrüfat bölməsi, qəbul və yerləşdirmə bölməsinə məlumat verir.
Qonaq mehmanxananı tərk edərkən, onun vizit kartında, tarix, nömrəni tərk etmə vaxtı və yükünün sayı qeyd olunur və sonra bu vizit kartı qəbul və yerləşdirmə bölməsinə təqdim olunur. Sonda, qəbul və yerləşdirmə bölməsinin işi barəsində bir sıra xüsusiyyətləri nəzərdən keçirək. Gecə növbəsində çalışan inzibatçı növbə ərzində aparılan işi yekunlaşdırır, digər bölmələrdən alınan məlumatları tutuşdurur və səhər növbəsinin inzibatçısı üçün nömrə fondu haqqında hesabatı hazırlayır (boş, bronda olan, təmirə dayanan nömrələr, otelə gələcək və gedəcək qonaqlar barədə, qonaqların otelə borcu və s. məlumatlar).