1.1.1. ÖN BÜRO ŞÖBƏSİNİN OTELDƏ YERİNİ VƏ ƏHƏMİYYƏTİNİ TƏSVİR EDİR
ON BÜRONUN OTELDƏ YERİ VƏ ƏHƏMİYYƏTİ
Mehmanxananın əsas vəzifəsi qonaqları müvəqqəti yaşayış yeri ilə təmin etmək və onlara xidmət göstərməkdən ibarətdir. Mehmanxananın təşkilati strukturu onun müəyyən olunmuş təyinatı, yerləşdiyi ərazi, qonaqların spesifikliyi və digər amillərlə müəyyən olunur. İri mehmanxanaları baş menecer və əsas şöbələrin menecerlərinin daxil olduğu icraçı komitə idarə edir.
Mehmanxananın əsas şöbələri aşağdakılardır:
- qəbul və xidmət şöbəsi (Front Office);
- qida və içkilər şöbəsi (Food & Beverage);
- marketing və satış şöbəsi (Sales & Marketing);
- kadrlar şöbəsi (HR)
- maliyyə və mühasibat şöbəsi (Accounting);
- mühəndis istismar şöbəsi (Building Administration).
Bu şöbənin menecerləri (direktorları) korporativ və regional səviyyədə rəhbərlərlə adətən əlaqədə olur, onlara mütəmadi hesabat verirlər, lakin birbaşa mehmanxananın baş menecerinə tabedirlər. Mehmanxananın nailiyyəti, nüfuzu burada çalışan müxtəlif insanların əlbir fəaliyyətindən aslıdır. Mehmanxanada hər iş vicdanla görülməli və müəyyən şöbə tərəfindən işin keyfiyyəti nəzərə alınmalıdır.
İngilis sözü olan və mehmanxanalarda işlədilən “Front Office” (Ön büro) azərbaycan dilinə adətən qonaqların qəbulu və nömrələrə yerləşdirilməsi kimi tərcümə olunur. “Front Office”-ə konsyerjlər, Şvesarlar (qapıçılar), yük daşıyanlar, xidmətçilər, telefon operatorları, suvenir köşkü və s. daxil olduğu xidmət bölməsi, bronlaşdırma bölməsi və hətta marketinq bölməsi də daxil ola bilər. “Front Office”-ə qonaqlarla hesablaşma aparan kassa xidməti də daxildir. Lakin qeyd etmək lazımdır ki, kassa xidməti ikili tabeçilikdədir. Bu xidmət həmçinin mühasibata tabedir. Bir sıra mehmanxanaların strukturunda bronlaşdırma bölməsi, marketinq xidmətinin nəzarətindədir.
Qonaq otelə daxil olarkən qəbul və yerləşdirmə bölməsini axtarmasın deyə, bu bölmə otelin giriş qapısının yaxınlığında yerləşməlidir. Bölmədə çalışan inzibatçının masası, iş yeri səliqəli və təmiz olmalı, lazımsız kağız və əşyalar olmamalıdır. Əməkdaşların xarici görünüşü səliqəli olmalı və onlar ədəb və nəzakət qaydalarına riayət etməlidir.