Mehmanxanada müxtəlif konfransların, simpoziumların, sərgilərin və digər kütləvi tədbirlərin keçirilməsi, otelin nüfuzuna öz müsbət təsirini göstərir.
“Birbaşa” marketinq və ya poçt vasitəsilə göndərilən reklamdan geniş istifadə olunur. Daimi müştərilərə göndərilən məktubda, qonaqlar mehmanxananın təşkil etdiyi tədbirlərə dəvət olunur və onlara yeni xidmətlər haqqında məlumat verilir. Marketinq bölməsi, mehmanxananın təbliğ etmək məqsədi ilə, beynəlxalq turizm sərgilərində, yarmarkalarda, öz stendləri ilə iştiarkedir. Mehmanxanada yaşayan hər bir qonaq restoran və barların xidmətindən istifadə edir. Qonaqlara göstərilən yüksək səviyyəli xidmət, yemək və içkilərin müxtəlifliyi, keyfiyyəti, dadı, burada çalışan ofisiant (yeməkpaylayan) və aşbazların peşəkarlığından xəbər verir və mehmanxananın nüfuzunu artırır, qonaqları cəlb edir və onlar furşet, toy, ziyafət və digər tədbirləri məhz bu oteldə keçirməyə üstünlük verirlər.
Mehmanxananın bir çox reklam materilallarının ilk səhifəsində otelin interyeri deyil, restoranın görünüşü və masanın üzərinə düzülmüş yeməklər göstərilir. Bu, otelə qonaqları cəlb etmək üçün bir üsuldur.
Keyfiyyətli xidmət mehmanxana biznesinin əsas şərtlərindən biridir və otel dərəcəsinə uyğun (ulduz sistemi) qonaqlara xidmət göstərməlidir. Bir sıra mehmanxanalarda, yüksək dərəcəli nömrələrdə yerləşən qonaqların qeydiyyatı və hesablaşma mərtəbədə aparılır. Bu tip fərdi qonaqlarla ayrıca menecer (guest relation manager) məşğul olur.
Beynəlxalq şəbəkəyə daxil olan mehmanxanalarda marketinq işi daha yüksək səviyyədə aparılır və daha çox imkanlara malikdir. Bir sıra mehmanxanalar marketinq qrup və assosiasiyalarının üzvü olmağa çalışırlar, çünki, bu onların marketinq üzrə işlərini asanlaşdırır və nüfuzlarını qaldırır. Marketinq və satış bölməsi “klassik” marketinq işi apararaq, otelin yerləşdiyi ərazidə mehmanxana xidmətləri bazarını öyrənir, rəqiblərinin işini təhlil edir (maliyyə vəziyyəti, bazarda payı, qiymət siyasəti, reklam strategiyası, nömrələrin müştərilərlə doldurulması vəs.).
Bu işləri aparmaq üçün müxtəlif mənbələrdən (çap nəşrləri, internet, sorğuların keçirilməsi, digər otellərlə maraqlanmaq və s.) istifadə edir. Bundan əlavə otelin müxtəlif şöbə və bölmələrindən, marketinq və satış bölməsinə statistik və mühasibata aid məlumatlar daxil olur. Bu məlumatlara əsasən, bölmə təhlil aparır və otelin gəlirlə işləməsi və nömrələrin müştərilərlə doldurulması üçün iş görür.
Sonda qeyd etmək lazımdır ki, məlumatların toplanması və saxlanılmasına görə, marketinq və satış bölməsi, mehmanxananın qapalı və məxfi bölməsidir.