Marketinq və satış bölməsi “Fəxri qonaq” proqramını hazırlayır və bu proqram qonağın eyni mehmanxanada qalmasını və xidmətlərindən istifadə etməsini stimullaşdırır. Bu proqrama əsasən qonağa uzun müddətli güzəştlər verilir. Bundan əlavə qonaqlar üçün, mehmanxananın restoranında, milli mətbəxlərin müsabiqəsi təşkil olunur.
Mehmanxananın müştəriləri sırasında iri şirkət və təşkilatlar getdikcə artır. Bu təşkilatlar, müxtəlif tədbirlərin (sərgi, konqress, festival və s.) keçirilməsini təşkil edir və mehmanxanalarla müqavilə bağlayırlar. Mehmanxana bu təşkilatlara xüsusi qiymət və güzəştlər verir.
Ümumiyyətlə mehmanxananın marketinq və satış bölməsi, rəqabət aparmalı, digər mehmanxanaların göstəricilərini araşdırmalı, bölmənin zəif və güclü tərəflərini bilməli və işi müasir tələblər səviyyəsində qurmalıdır. Bölmənin satış üzrə menecerləri yeni müştərilər axtararaq, müqavilələr bağlayır və daimi müştərilər ilə əlaqələri saxlayıb, inkişaf etdirirlər. Bölmədə işçilərin funksional bölgüsü ola bilər (turizm firmaları üzrə menecer, konqresslər üzrə menecer, şirkətlər üzrə menecer və s.). Satış üzrə menecerin müqavilə bağlayan zaman əsas silahı korporativ tariflərdir. Mehmanxanaya il ərzində müəyyən sayda müştəri verən şirkətə güzəştlər verilir. İlin sonunda şirkətin otelə göndərdiyi müştərilərin sayı müəyyən olunur və bu halda şirkət ilə yeni müqavilə bağlayanda güzəşt faizinin miqdarı təyin olunur (oteli daha çox müştərilər ilə təmin edən şirkət və ya turizm firmasına daha çox güzəşt olunur).
Bölmənin meneceri hər həftənin sonu baş menecerə hesabat təqdim edir. Mehmanxanada qalan qonaqların siyahısı, kompüterə daxil edilir və günləri və s. qeyd olunur. Məsələn, qonaq mehmanxanada 50 dəfədən çox yaşayıbsa, onun üçün yubiley tədbiri keçirilir, lüks nömrə pulsuz təqdim olunur, hədiyyələr verilir. Marketinq bölməsi, kadrlar şöbəsi ilə birlikdə, qonaqlarla birbaşa təmasda olan işçilərin təhsilini və təlimini aparır. Təlimin məqsədi odur ki, qonaqlarla təmasda olan hər bir işçi otelin xidmətlərini satmağı bacarmalıdır.
Bonus - otelin və ya aviaşirkətin və ya hər hansı bir təşkilatın, əlavə xidmətlərini və ya malının reklamına görə, əlavə mükafatdır.
Mehmanxananın reklamını təşkil etmək, marketinq bölməsinin vəzifəsidir. Kütləvi informasiya vasitələrində (KİV) otelin nüfuzunu qaldıran, xidmətlərin keyfiyyətini təbliğ edən şəkillər, məqalələr və s. dərc olunur. Bölmə, həmçinin müxtəlif reklam işləri görür, yəni hava limanında, şəhərin görməli yerlərində, mehmanxananı reklam edən iri şitlər vururlar. Mehmanxana öz çap məhsullarında, reklam məqsədi ilə oteldə yaşayan məşhur insanların adını qeyd edir. Məsələn, Roma papası Bakı şəhərinə təşrif buyuranda, “İrşad” otelində yaşayıb və xidmətlərindən razı qalmışdır.