İri mehmanxanalarda bu bölmədə 10 nəfərə qədər işçi çalışır ki, bunlardan 1 və ya 2 işçi marketinq təhqiqatı ilə məşğul olur, digər işçilər nömrə fondunun satışını təşkil edir. Bölmənin 90% işçisi, əsasən mehmanxanadan kənarda, yeni alıcılar axtarmaqla məşğuldurlar (turist firmaları, iri şirkətlər, konqress və sərgilərin təşkilatçıları və s.).
Marketinq bölməsinin əsas vəzifələrindən biri, müştəriləri mehmanxanaya cəlb etmək üçün yeni üsullardan istifadə etməkdir. Müştəriləri xarakterizə edən əlamətləri (yaş, gəliri, milliyəti, işi, mehmanxanada yaşamasının səbəbi, nə vaxt gedir, mehmanxana xidmətində daha çox nəyi xoşlayır, dəyərləndirir və s.) iş prosesində bölmədə nəzərə alırılar.
Bölmənin funksiyalarından biri, mehmanxana və xidmətlərin reklamını təşkil etmək və otelin işini yaxşılaşdırmaq, inkişaf etdirmək üçün təkliflər və tövsiyyələr hazırlamaqdır. Marketinq və satış bölməsi, qəbul və yerləşdirmə bölməsi üçün, nömrə fondunun doldurulması proqnozlarını hazırlayır.
Marketinq və satış bölməsi, oteldə yaşayan qonağın tələbatının necə ödənildiyi barədə təhlillər aparır. Bu məqsədlə otelin nömrələrinə anket və təklif blankları qoyulur. Bu anketlərdə qonaqlara müxtəlif bölmələr tərəfindən göstərilən xidmətlərin keyfiyyəti barədə öz fikir və təkliflərini qeyd etmək xahiş olunur (nömrənin təmizliyi, “Front Office”in işi, yeməyin keyfiyyəti, restoranda xidmətin səviyyəsi vəs.).
Qonağın rəy kartı. Biz arzu edirik ki, mehmanxana Sizin xoşunuza gəlib və Siz yenidən Bizim mehmanxanaya qonaq gələcəksiniz. Sizin mehmanxana və onun xidmətləri haqqında təklifləriniz Bizim işimizə kömək edəcək və göstərdiyimiz xidmətlərin keyfiyyətini artıracaq.