Bu deyilənlər, qonağ mehmanxanada nömrə alarkən yazdığı anketdə öz əksini tapıb. Qonaq bu təklifi qəbul etmirsə (zinət əşyalarını və pulu saxlama kamerasına vermək) özü məsuliyyətdaşıyır. Daha yaxşı olardı ki, mehmanxananın lüks və yarım lüks nömrələrində seyflər olsun və qonaqlar zinət əşyalarını və pulları bu seyfdə saxlasın. Bu qonağın rahatlığı üçün yaxşıdır və otelin əlavə məsuliyyətini azaldır. Qonaq seyfin kodunu yaddan çıxararsa, ərizə ilə qəbul və xidmət şöbəsinə müraciət edir. Bu halda təhlükəsizlik bölməsinin əməkdaşı, şahidlər və mərtəbənin xidmətçisi ilə birlikdə nömrəyə daxil olur və xüsusi açarla seyfi açır. Təhlükəsizlik bölməsi çalışmalıdır ki, oğurluq hadisələrinin qarşısını qabaqlayıcı, profilaktik tədbirlərlə alsın.
Təhlükəsizlik bölməsinin əməkdaşları, nömrədə yaşayanların yanına qonaq qismində gələnlərin şəxsiyyəti ilə tanış olmalı, nömrəyə zəng etməli, qonağı qəbul edib və ya etmədiyini soruşmalı, və gələn qonağın şəxsiyyətini təsdiq edən sənədə əsasən jurnala məlumatları yazmalıdır. Mehmanxanada yaşayan qonağın əşyaları, nömrədə yaddan çıxıb qalıbsa, akt tərtib olunur və saxlama kamerasına təhvil verilir. Sonradan, anketə əsasən qonağın ünvanına xəbər göndərilir.
Təhlükəsizlik bölməsinin əməkdaşlarının apardığı təhqiqat, polisin apardığı təhqiqatdan fərqlənir. Bölmənin əməkdaşı istintaq aparmır, daha çox sorğu sualı nəzakətlə qurur və olmuş hadisəni aydınlaşdırmağa çalışır. Mehmanxanada baş vermiş qarət, qətl, zorlama və daha ağır cinayətlər haqqında dərhal polisə xəbər verilməlidir. Lakin hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı fəaliyyəti, apardığı təhqiqat oteldə səs-küyə səbəb olmamalı, mehmanxanada qalan qonaqlar bunu hiss etməməlidir. Məlumdur ki, bu növ hadisələr mehamnxananın nüfuzuna xələl gətirir.
Bəzən elə olur ki, mehmanxanada yaşayan varlı, nüfuzlu, vəzifəli bir qonaq, nömrəyə qadın dəvət edir və bu qadın öz növbəsində, qonağı qarət edib nömrəni tərk edir. Nömrədə yaşayan qonaq nüfuzunu qorumaq üçün, otelin əməkdaşlarından xahiş edir ki, polisə xəbər etməsinlər. Bu halda bölmənin əməkdaşı, mütləq qonaqdan izahat almalıdır ki, otelə onun iddiası yoxdur. Bununla əlaqədar daha bir misal çəkmək olar. Məşhur Amerika estrada müğənnisi Koni Frensiz yüksək dərəcəli mehmanxanada zorlamaya məruz qalmışdı. Müğənninin vəkili mehmanxanaya 6 mln. ABŞ dolları məbləğində iddia (tələb) sürmüşdü. Otel 1.5 mln. ABŞ dolları məbləğində pulu zərərçəkənə verməklə münaqişəni həll etməli oldu.
Qeyd etmək lazımdır ki, mehmanxananın nömrələrindən nəinki qonaqların əşyaları və pulları oğurlanır, bəzən qonaqların özləri mehmanxanaya məxsus əşyaları suvenir kimi götürürlər. Təhlükəsizlik bölməsi mehmanxanada digər funksiyaları da yerinə yetirir. Bunlar inkassasiyanı (yığılan pulları kassadan sənəd üzrə alıb, sonra lazımi yerlərə təhvil vermək) qorumaq, otelin açarlarına nəzarət (otelin hər bir əməkdaşı, ancaq onun işinə aid olan açardan istifadə edə bilər), əməkdaşların otelin avadanlığından düzgün istifadə etmək, kompüter təhlükəsizliyinə (xakerlərin kompüterə daxil olmasının qarşısını almaq) nəzarət, qonağın kredit kartı ilə ödəmək imkanını yoxlamaq və s. daxildir.