Ümumiyyətlə, mehmanxanada, diqqətdən yayınan hər bir yer zəif sahə ola bilər. Məsələn, mehmanxanaya gələn qonaq nömrə götürür, pulunu verir və əşyalarını saxlama kamerasına verir, nömrəyə daxil olmadan, hansı səbəbə görəsə mehmanxananı tərk edir və mehmanxanaya qayıtmır. Şübhə doğuran bu hadisə, bölmənin əməkdaşlarının nəzərindən yayınmamalıdır. Qonağın saxlama kamerasına verdiyi əşyalar, hər ehtimala görə metalaxtaran qurğu ilə yoxlanılmalıdır.
Qonaqlar bilməlidir ki, mehmanxananın ərazisi (nömrə fondundan başqa) video kamera nəzarəti altındadır. Mehmanxana təkcə qonaqları deyil, mehmanxana üzrə ixtisaslaşan oğruları da cəlb edir. Bu oğrular bir neçə dərəcəyə bölünür. Bunlardan bir neçəsini misal göstərə bilərik. Məsələn, mehmanxanaya oğru qonaq kimi gəlib nömrə alır. Nömrənin açarlarının surətini çıxarır və mehmanxananı tərk edir. Müəyyən müddətdən sonra, oğru, yenidən həmin otelə gəlir və çalışır ki, keçən dəfə nömrə aldığı mərtəbədə otaq alsın. Bundan sonra, keçən dəfə açarın surətini götürdüyü nömrədə qonağın qalıb-qalmadığını öyrənir, əgər həmin nömrədə qonaq qalırsa, imkan tapıb nömrəni, düzəltdiyi açarın surəti ilə açır, nömrədəki bütün əşya və şeyləri yığışdırıb mehmanxananı tərk edir. Bu tip oğru,yerindəcə yaxalanmasa, sonradan onu tutmaq çətindir. Digər mehmanxana oğrusu otelə tək gəlir, yer alır və gecə qonaqlar dərin, şirin yuxuya gedəndə (adətən 03:00 - 05:00 arasında) mərtəbədəki otaqların qapı dəstəklərini, kilidlərini bir-bir ehmalca yoxlayır və hansı qapının kilidi açıqdırsa, o nömrəyə daxil olub, əlinə keçən zinət və digər əşyaları (bir çox qonaqlar yatmamışdan qabaq zinət əşyalarını kiçik dolabın (tumbanın) üstünə qoyurlar) yığışdırır və mehmanxananı tərk edir. Təsadüfən yaxalanan bu oğru özünü sərxoşluğa vurub, nömrəni səhv saldığını deyir. Mehmanxana sutkanın 24 saatı işləyir və gecə vaxtı, qonağın mehmanxananı tərk etməsi də şübhə doğurmur. Oğru gecə qatarına və ya təyyarəyə tələsdiyini bildirir.
Təhlükəsizlik bölməsinin əməkdaşı belə qonağın (oğrunun) əşyalarını yoxlamaq səlahiyyətinə və imkanına malik deyil. Bunun üçün tutarlı dəlil olmalıdır. Oğurluğa aid başqa misal çəkə bilərik. Restoranda əyləşən peşəkar oğru, mehmanxanada yaşayan və restoranda yeyib içən müştəriyə göz qoyur. Onun hansı nömrədə yaşamasını öyrənməyə çalışır, hansı əskinaslarla (iri və ya xırda pullarla) ofisiantla hesablaşmasına diqqət yetirir, tam sərxoş olduğunu müəyyən edir və sonra öz işinə başlayır. Mehmanxananın restoranına otelin həm daxilindən və həm də xaricindən daxil olmaq mümkündür. Təhlükəsizlik bölməsinin əməkdaşları bunu nəzərə alıb restoranla nömrə fondunu təcrid etməli və oteldə yaşamayan müştəriləri nömrə fonduna icazəsiz buraxmamalıdır. Restoran və nömrə fondu arasındakı yerdə bölmənin əməkdaşı keşik çəkməlidir.
Mehmanxanada nömrələrin qapılarının elektron kilidlərlə təchiz olunması, oğurluğa qarşı etibarlı təminatdır. Qonaq mehmanxanada yer alarkən, o, xəbərdarlıq edilir ki, mehmanxana qonağın oteldə yaşadığı müddətdə öz üzərində saxladığı şəxsi qiymətli zinət əşyalarının və pulunun itməsinə zəmanət vermir, məsuliyyət daşımır və qonaqbunları otelin saxlama kamerasına verə bilər.