Bundan başqa, bölmənin funksiyasında otelin əməkdaşlarının təhlükəsizlik qaydalarına əməl etməsini tələb etmək, kənar və şübhəli şəxslərin, otelin qadağan olunmuş yerlərinə daxil olmasının qarşısını almaq, qonaqların otelin daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək, yanğından mühafizə qaydalarına diqqət yetirmək və s. daxildir. Memanxanada böyük tədbirlər (konfrans, konsert, mərasim və s.) keçirilən diqqətlə yoxlanılır, təhlükəsizlik tədbirləri görülür, hətta lazım gələrsə partlayıcı maddələrin axtarışı üçün kineloq dəvət olunur.
Tədbirlərin müvəffəqiyyətlə keçməsi üçün məsuliyyət birinci növbədə təhlükəsizlik bölməsinin üzərinə düşür. Bildiyimiz kimi, otelin əməkdaşları, mehmanxanaya xidməti girişdən, xüsusi buraxılışla daxil olurlar. Bölmənin əməkdaşları xidməti girişdən kənar şəxslərin daxil olmasının qarşısını almalı və buna imkan verməməlidir. Mehmanxanaya sərxoş daxil olmaq istəyən, xuliqanlıq, əxlaqsız hərəkətlərə yol verən, otelin işçilərini təhqir edən və s. adamları bölmənin əməkdaşları təmkinlə və sakitcə təcrid etməli və neytrallaşdırmalıdır. Çalışmaq lazımdır ki, bu kimi xoşa gəlməz hallardan qonaqlar ziyan çəkməsin və baş vermiş hadisəni hissetməsinlər.
Qonaqlar mehmanxananın əsas giriş qapısından daxil olur və onları şvesarlar (qapıçılar) qarşılayır. Təhlükəsizlik bölməsinin əməkdaşları əsas giriş qapısına da nəzarət edirlər. Otelin zəruri olan bütün yerlərində (holl, mərtəbə, dəhliz, kassirin iş yeri, qəbul və xidmət şöbsəi və s.) videonəzarət kameralarının qoyulması təhlükəsizlik baxımından məqsədə uyğundur. Bundan əlavə otelin xaricində (fasadın qabaq və arxa tərəfində, küçə tərəfdən otelə yaxın əraziləri izləmək üçün) videonəzarət kameraları qurulur ki, bu da otelin təhlükəsizliyini təmin edə bilən amildir. Mehmanxananın daxilində və xaricində (nömrə fondundan başqa) baş verən hadisələr videonəzarət kameraları vasitəsi ilə kompüterin diskinə yazılır və disk müəyyən müddətdə (20 gündən az olmayaraq) təhlükəsizlik bölməsində qalır. Disk ancaq təhlükəsizlik bölməsinin müdirinin otağında olan kompüterdə yazılır. Digər kompüterlərdə, bölmənin əməkdaşları ancaq nəzarət edirlər. Kompüterlər əsas enerji mənbəyindən başqa, hər ehtimala qarşı, müstəqil enerji mənbəyinə də qoşulur. Təsadüfən və ya bilərəkdən qəza nəticəsində əsas enerji mənbəyi işləməsə, müstəqil enerji mənbəyi avtomatik işə düşür.
Yaddan çıxarmaq lazım deyil ki, mehmanxananın zəif sahələriola bilər. Məsələn, otelin yaxınlığında yerləşən meydanda avtomobillərin dayanacaq yeri diqqət mərkəzində olmalıdır, xüsusi nəzarət və diqqət mehmanxananın giriş qapısında saxlanılan avtomobillərə verilməlidir ki, bu avtomobillər giriş qapısının qabağındakı meydanı tutmasınlar və ya terrorçular avtomobildən öz məqsədləri üçün istifadə etməklə, onu partlayıcı maddələrlə təchiz edib partlayış yarada bilməsinlər. Mehmanxananın qarşısında avtomobil bir neçə dəqiqədən artıq dayanmamalı və xüsusi dayanacağa aparılmalıdır.