Bəzi barmenlər isə əksinə, müştərilərdən çox “çay pulu” (bəxşiş) almaq məqsədilə qənaət etdiyi içkidən müştəriyə, daha artıq içki süzürlər.
Bütün bu çatışmamazlıqların qarşısını almaq üçün, ciddi nəzarət funksiyası tətbiq etmək, həmçinin müştəri qismində müfəttişlərdən istifadə olunmaldır. Onlar özlərini adi müştərilər kimi aparır, əslində isə xidmət göstərən barmenlərin hərəkətlərinə ciddi şəkildə fikir verirlər. Böyük otellərdə adətən müxtəlif tipli bir neçə bar fəaliyyət göstərir.
Lobbi bar. Bu bar görüşlər üçün əlverişli yerdir. Düzgün idarə olunan “Lobbi bar” yüksək gəlir mənbəyi ola bilər.
Restoran barı. Vestibüldəki vurnuxmadan, yorğunluqdan sonra oturub dincəlmək üçün bu bar sakit və münasib yerdir. Bu tip barlar ənənəvi olaraq Amerika restoranlarının cəlbedici elementlərindən biri sayılır.
Köməkçi bar. Bəzi böyük otellərdə ticarət üçün nəzərdə tutulan, binanın içəri hissəsində yerləşən köməkçi barlar olur. Əgər belə barlar yoxdursa, restoran və nömrələrə xidmət göstərən işçilər, digər daimi ticarət nöqtələrindən, məsələn restoran barlarının xidmətlərindən istifadə edirlər.
Banket barı. Bu bar banket və konfranslar zamanı fəaliyyət göstərir. Belə tədbirlərdə eyni anda çox sayda müştəriyə xidmət göstərmək lazım gəldiyi üçün, zalın müəyyən yerlərinə üzərində içki şüşələri (butılkalar) olan müvəqqəti masalar qoyulur. Əgər nahardan əvvəl içkilər (aperitiv) içmək nəzərdə tutulubsa, onda ənənəvi amerikansayağı xidmət göstərilməlidir və bu halda ofisiantların üzərinə daha çox böyük yük düşür: çox sayda qonaqdan sifariş qəbul edib, sifarişləri cəld təqdim etmək lazımdır. Bu prosesi sadələşdirmək üçün bir sıra banketlərdə içkilərin də daxil olduğu kompleks nahar xidmətləri təklif olunur. Banket barlarda qab-qacağa ciddi nəzarət etmək lazımdır: tədbir bitən kimi, boş içki şüşə qabları (butılkalar) sayılmalı, barın meneceri isə barın bağlanmasına qədər mədaxili hesablaya bilməlidir. Mehmanxananın müxtəlif yerlərində açılmış müvəqqəti barları, oğurluq hallarının qarşısını almaq üçün eyni vaxtda bağlayırlar.
Banket barı müxtəlif spirtli içkilərin (likör, pivə, şərab və s.) növləri ilə təchiz olunmalıdır. Bu tip müxtəlif dərəcəli spirtli içkilərə diskotekada, rəqs zallarında və ayrıca kabinetlərdə tələbat daha çox olur.
Hovuz yanında barlar. Müasir kurort otellərini qonaqların bir qədəh ekzotik kokteyl içərək istirahət etdikləri hovuz və onun yaxınlığında yerləşən barsız təsəvvür etmək mümkün deyil. Əsasən konfrans iştirakçılarına xidmət göstərən kurort otellərdə bu tip barlar yaxşı işləyir.