Yüksək dərəcəli otellərdə nömrələrə yeməklər sifariş edildikdən 30 dəqiqə sonra çatdırmalıdır. Əks halda standartlara uyğun olaraq müştəri mehmanxana hesabına nahar etməlidir.
Səhər yeməyi üçün ödəniş müştəri tərəfindən birbaşa ofisianta verilə bilər. Bunun üçün müştərinin yemək hesabını ofisiant əvvəlcədən hazırlamalıdır. Hesab çekinin bir nüsxəsi müştəriyə verilir, digər iki surəti isə ofisiant hesabat aparmaq üçün özündə saxlayır.
Adətən qonaqlar “Nömrəyə xidmət” (Room Service)-in hesabına onların əsas hesablarının (nömrə hesabı) üzərinə əlavə olunmasını xahiş edirlər (late charge). Bu halda ofisiant hesab çekini (üç nüsxədə) müştəriyə imzalatdırır və həmin çeki Önbüroya (Reception) verir. Qəbul və yerləşdirmə şöbəsinin işçisi, qonağa aid çekləri bütün şöbələrdən qəbul edərkən, müştərinin imzasının olmasını yoxlamalıdır. Müştərinin çek üzərindəki imzası onu göstərir ki, qonaq bütün hesabı tam şəkildə oteli tərk edərkən ödəməsinə zəmanət verir.
Nömrələrdə xidmət edən ofisiant təkcə masanın servirovkasını (düzülüşünü) deyil, həm də yeməklərin verilmə ardıcıllığını, xidmətin xüsusiyyətlərini və nömrədə davranış qaydalarını bilməlidir.
Nömrələrdə qonağa xidmət üçün bir sıra qaydalar mövcuddur:
• Sifariş (səhər yeməyi, nahar, şam) ya məcməyidə, ya da yemək daşıyan xüsusi servis
arabalarında təqdim edilir. Ofisiant məcməyini sol əlində aparmalıdır. Sağ əli, qapı açmaq və ya
bağlamaq, məcməyidəki hər hansı bir şeyi başqa yerə qoymaq, yerini dəyişmək və s. üçün sərbəst
qalmalıdır. Dəhlizlərdə və ya keçidlərdə yaxşı olar ki, məcməyi çiyin bərabərində aparılsın, yalnız
nömrəyə daxil olduqda, məcməyi sinə səviyyəsinə endirilməlidir;
• Nömrəyə girməzdən əvvəl qapını döymək, yalnız razılıq aldıqdan sonra nömrəyə daxil olmaq
lazımdır;
• Qonaqlarla salamlaşmaq lazımdır;
• Əgər qonaq yataqda nahar etmək istəyirsə, onda məcməyini yan tərəfdən təqdim etmək lazımdır.