Nömrəyə xidmətdə əsas şərt-sifarişin tez çatdırılmasıdır.
Səhər yeməyinin (habelə, nahar və şam yeməklərinin) nömrəyə sifariş edilməsi bir neçə yolla mümkündür: telefon ilə, nömrədə olan xüsusi düyməni basıb ofisiant çağırmaqla, interaktiv televiziya vasitəsi ilə və səhər yeməyinin sifariş kartı vasitəsi ilə sifarişlər edilir.
Nömrədən bir başa və ya telefon vasitəsi ilə sifariş qəbul edən Room Service əməkdaşı otağın nömrəsini, qonaqların sayını, yeməklərin adlarını, sifarişin götürülmə saatını və təqdim ediləcək vaxtı yazmalıdır.
İnteraktiv televiziya sistemi vasitəsi ilə nömrəyə yemək sifarişi televiziya pultunun düyməsinə basmaqla edilə bilər. Qonaq seçdiyi menyunu təsdiq edərsə, ofisiant tərəfindən göstərilən xidmətdə səhv istisna olunur.
Sifariş kartları vasitəsi ilə səhər yeməyi, sifariş edən qonaq, kartın qrafalarındakı suallara cavab verməlidir:
• Səhər yeməyinin verilmə vaxtı;
• Qonağın soyadı;
• Otağın nömrəsi;
• Sifarişin tarixi;
• Qonaqların sayı;
• Müştərinin imzası.
Bundan sonra qonaq səhər yeməyinin növünü seçməlidir. Müştərilərə, “nömrəyə səhər yeməyinin sifarişi” (Room Service Breakfast) blankını qapının dəstəyinin bayır hissəsindəki tutacağına asmaq təklif olunur. Gecə və ya səhər tezdən “Nömrələrə xidmət” bölməsinin işçisi dəhlizlərdə gəzərək bu kartları götürür və sifarişlərin hazırlanması üçün, “Nömrələrə xidmət” bölməsinə təqdim edir.
Mətbəxdə səhər yeməyi qoyulmuş məcməyilər hazırlanır, səhər yeməklərinin verilməsi təxminən saat 06:00-dan başlayır və 10:00-12:00-a qədər davam edir.