Böyük restoranlarda bir neçə ofisiant, briqadirə (captain) tabe olur. Briqadir onları idarə edir. O, sifarişləri götürür və müştərilərlə hesablaşmanı aparır. Ofisiantın vəzifəsi restoranın səviyyəsindən (dərəcəsindən) asılı olaraq müxtəlifdir. Lakin bəzi ümumi qaydalar vardır:
•
Ofisiant süfrələri və yemək ləvazimatlarını, həmçinin onun adına yazılmış masaları yoxlamalıdır ki, o, yırğalanmasın və sınıq olmasın;
•
Ofisiant süfrəni masanın üstünə salmalıdır (əvvəlcə səsi udmaq üçün yumşaq örtük sərilir, sonra süfrə sərilir): Süfrənin kənarları (küncləri) döşəmədən 10 sm hündürlükdən çox olmalı və ən azı 25sm masanın qırağından aşağı olmalıdır;
•
Ofisiant masanı silir və qab-qacaqları, qədəhləri, salfetləri düzür. Sanitar qaydalara görə qədəh silinib ağzı aşağı qoyulmalı, yalnız qonaq əyləşərkən ona qulluq edən zaman qədəh çevirilərək düz qoyulur. Qədəh ayaq tərəfindən əl ilə tutulmalı, digər ləvazimatların (çəngəl, bıçaq, qaşıq) qulpundan tutmaq lazımdır;
•
Ofisiantlar müştərilərə bilavasitə qulluq göstərir (sifariş qəbul edir, sifariş olunmuş yemək və içkiləri gətirir, düzür, içki şüşələrinin qapağını açır, süzür, çirkli qabları yığışdırır, müştəriyə hesab təqdimedir).
Ofisiantın iş yeri - piştaxta (sideboard), yemək ləvazimatlarının, süfrələrin salfetlərin, menyuların, kibritlərin və s. saxlanıldığı yeşikdir. Ofisiantın ustalığı yemək paylayarkən çəngəl və qaşıqdan ustalıqla istifadə etmək, bir əldə yeməklə dolu 3 boşqab aparmaq, balığı doğrayıb düzəltmək və bu kimi vərdişləri təkmilləşdirməkdə özünü göstərir.
Bir çox ölkələrdə təmiz qablar qonağın sol tərəfindən qoyulur, yeməklər boşqablara soldan təqdim olunur, içkilər (qəhvə də daxil olmaqla) sağ tərəfdən süzülür, çirkli qablar sağ tərəfdən götürülür.
Ofisiantın standart ləvazimatları - ştopr (butılkanın probkasını açan, folqaları açmaq üçün kiçik bıçaq, həmçinin pivə, mineral su butılkasını açmaq üçün ləvazimat bu komplektə daxildir), qələm, alışqan (kibrit), dəsmal (salfet).
Mehmanxana restoranlarında adətən müştərilərə aşağıdakı qidalanma şərtləri təklif olunur:
•
Tampansiyon - Full Board (FB-üç dəfə yemək-səhər yeməyi, nahar və şam);
•
Yarım pansiyon - Half Board (HB-iki dəfə qidalanma - səhər yeməyi, nahar və ya şam);
•
Yalnız səhər yeməyi - Bed and Breakfast (BB - birdəfə qidalanma - səhər yeməyi).
Bütün mehmanxanalarda səhər yeməyinin təşkilinə xüsusi diqqət yetirilir. Məhz səhər yeməyi ilə müştəri yeni günə başlayır və burada yeməyin təşkilindən çox şey asılıdır. Nahar və şam yeməklərindən fərqli olaraq, səhər yeməyində mehmanxanada qalan bütün qonaqlar iştirak edirlər.