2.5.1. QONAĞIN OTELƏ GİRİŞ QEYDİYYATINI (CHECK İN-İ) İCRA EDİR
QONAĞIN OTELƏ GİRİŞ QEYDİYYATI
Mehmanxanada qonağın qarşılanması, qeydiyyatı, açarın verilməsi və nömrəyə qədər müşayiət olunmsı sadə göründüyü kimi, həm də məsuliyyətlidir. Qonağı otelin qarşısında və ya qapının girəcəyində şvesar (qapıçı və ya bell boy) salamlayır və qarşılayır. Bundan sonra qonağı inzibatçı gülərüzlə qarşılayır və salamlayır. İnzibatçı qonağa nömrə bron etdiyi barədə sual verir, adını və soyadını soruşur. Otelə gəlmə vaxtı müəyyən edilmiş nüfuzlu qonağı, bəzən mehmanxananın vestibülündə qarşılayırlar. Mehmanxanaya gələn qonaq nömrədən əlavə nəqliyyat sifariş edibsə, onu hava limanında və ya dəmiryolu vağzalında qarşılayırlar.
Mehmanxanada dəfələrlə qalmış, daimi müştəriyə adı ilə müraciət etdikdə, ona xoş təəssürat bağışlaya bilərsiniz, çünki oteldə onu yaddan çıxartmayıblar və daimi qonaq kimi tanıyırlar. Mehmanxanada nömrə alan hər bir qonaq qeydiyyatdan keçməlidir. Qonağın qeydiyyatının aparılma prosesi, otelin dərəcəsindən, xidmətin keyfiyyətindən, avtomatlaşdırma sistemindən və s. asılı olaraq müxtəlif ola bilər. Avtomatlaşdırma
sistemi olan oteldə, qonağın qeydiyyatı tez bir müddətdə aparılır. Məsələn, Yaponiyanın, ABŞ-ın, və Avropanın bir sıra yüksək dərəcəli otellərində, qonağın otelə daxil olub salamlaşmasından, qeydiyyatdan keçməsi və açarın alınmasına qədər müddət cəmi bir neçə saniyədir. Lakin nəzərə almaq lazımdır ki, qeydiyyatı tez aparılan qonaqlar əvvəlcədən oteldə nömrə bron (sifariş) etmişlər.
Mehmanxanaya gələn qonaqlar iki tip ola bilər. Birinci tip, əvvəlcədən nömrə bron (sifariş) edənlər, ikinci tip, nömrəni əvvəlcədən sifariş etmir və otelə gəlir (walk in guest). Əvvəlcədən nömrə sifariş edən qonaq haqqında oteldə artıq məlumat olduğuna görə, onun qeydiyyatı tez aparılır. İnzibatçı, qonaqdansifarişinnömrəsini,soyadını soruşur və kompüter sistemində lazım olan modulu seçir və qeydiyyatı aparır. Qonaq ancaq anketi imzalayır.
Oteldə əvvəlcədən nömrə sifariş etməyən qonağın qeydiyyatı 5 dəqiqədən də çox vaxt apara bilər. Çünki qeydiyyatla əlaqədar qonağa əlavə suallar verilir və cavab alınır (nömrənin qiyməti, qalma müddəti, ödəniş qaydası, əlavə xidmətlər və s.). Qonaqdan nömrənin qiymətini ödəmək imkanı müəyyən olunur. Müştəri, “Amerikan Ekspress”, “Viza”, “Master Kart” və s.-in qızıl kartı ilə ödənişə zəmanət verirsə, narahat olmağa dəyməz.
Qonaq oteldə yerləşmə təsdiqini alan kimi qeydiyyat kartını (anketi) yazır. Anket otel və qonaq arasında müqavilədir. Qonaq anketdə, adını, soyadını, ünvanını, ödənişi verən təşkilatın adı, ünvanı (ödənişi üçüncü şəxs həyata keçirərsə) və s. qeyd edilir.