Qonaq personalın işinin əsas səbəbkarıdır. Qonağa iltifat göstərməklə hər bir əməkdaşa özünü göstərmək və pul qazanmaq imkanı verilir.
Qonaq o adam deyil ki, onunla mübahisə aparılsın və yaxud kimin güclü, kimin isəzəif olduğu ona sübut olunsun. Qonaq həmişəhaqlıdır!
Mehmanxananın hər bir əməkdaşı başa düşməlidir ki, keyfiyyət-çox bahalı və əlçatmaz cah-cəlal yox, qonaqların tələbatlarına daim diqqətli olmaqdır.
Personal üzvləri arasında olan münasibətlər də az əhəmiyyətli rol oynamır.
Mehmanxananın personalı çoxmillətlidirsə, əməkdaşlar cəmiyyətdə tutulan mövqe və mədəniyyət müxtəlifliyindən asılı olmayaraq bir-birinə qarşı sayğı və ehtiramla yanaşmalıdırlar. Vəzifəli şəxslər, o cümlədən, bütün qalan personal bir-birini tanımalı və ümumi təşkilat strukturunu bilməlidirlər. Personalın komandada işləmək səriştəsi çox vacib şərtdir. Demokratik idarəetmə prinsipi və peşə üzrə inkişaf və ixtisasın artırılması imkanının olması iş üçün vacib şərtdir.
Nəzakət insanın mədəniyyətini, onun işə və kollektivə qarşı münasibətini əks etdirir.
Mehmanxana işçilərinin nəzakətli davranışı bir sıra amillərdən formalaşır. Onlardan ən əsası - qonaqların davranışında aşkar edilən səhvlərə və eyiblərə diqqət yönəltməmək bacarığı və onların üzərində vurğulamamaq, onların geyimlərinə, adət və ənənələrinə artıq maraq göstərməməkdir. Lazımsız suallar vermək, şəxsi işlər haqqında danışmaq lazım deyil. Qonağa onun sizə xoş gəlib-gəlməməsini göstərmək, ona yersiz iradlar tutmaq, öyüd-nəsihət vermək, müxtəlif iddialar irəli sürmək və şəxsi həyatı barədə suallar vermək olmaz.
Qonaqların yanına gələn insanlara qarşı ədəb-ərkanla rəftar olunmalı, onların gəlişinin məqsədi haqqında sorğu-suallar vermək, habelə, nömrəyə orada yaşayan adamın icazəsi olmadan daxil olmaq olmaz. Nəzakət həm də qonağa yetirilən diqqətdə özünü göstərir.
Xidmətçi personal həmişə yadda saxlamalıdır ki, mərtəbə və yaxud nömrə hər şeydən əvvəl xidmət sahələrdir və növbədə işləyən personal isə öz xidməti vəzifələrini yerinə yetirir.
Davranış və ünsiyyət mədəniyyəti həm də nitq mədəniyyəti anlayışı ilə bağlıdır. Mehmanxana işçisi öz fikirlərini savadlı və aydın surətdə ifadə etməyi bacarmalıdır. Nitqin həm mədəniyyətinə, həm də tonuna (intonasiyasına) həmişə diqqət etmək lazımdır. Nitq mədəniyyəti təkcə danışmaq bacarığının deyil, həm də dinləmək bacarığının olmasını nəzərdə tutur. Müsahibin sözünü kəsməyərək onu diqqətlə dinləmək və eyni zamanda, müsahibədə səmimi iştirakı nümayiş etdirmək böyük məharətdir.