Kompüter vasitəsi ilə nömrələrin bronlaşdırılması, mehmanxana və müştərilər üçün yeni geniş imkanlar açır. Bilirik ki, kompüter ilə bronlaşdırma sistemi yeni bir üsuldur. Mərkəzi bronlaşdırma şəbəkəyə daxil olan bütün otelləri birləşdirir. Müstəqil otelləri birləşdirən bronlaşdırma sistemi də mövcuddur.Mərkəzi bronlaşdırma sistemi ilə digər şəhərdə və ya ölkədə yerləşən və şəbəkəyə daxil olan oteldə nömrə və digər xidmətlər sifariş etmək olar.
Kompüter şəbəkəsi vasitəsi ilə telefonla mehmanxanada yer bronlaşdırılır. Kompüter şəbəkəsinin dispeçeri otel ilə əlaqə yaradır, mehmanxananın imkanlarını öyrənir. Bu üsul o qədər münasib deyil, çünki, mehmanxananın bronlaşmasının şərtlərini öyrənmək üçün çox vaxt tələb edir.
Kompüterdə nömrələrin bronlaşdırılmasının daha iki üsulu var ki, bunlar, mehmanxananın özünün internet səhifəsindən istifadə etməsi və ya otelin hər hansı bir bronlaşdırma sisteminin üzvü olmasıdır.
İnternet bronlaşdırma az məsrəflər sərf etməklə, geniş imkanlar təqdim edir və dünyada daha çox təşəkkül tapır. Bu üsul vasitəsi ilə müştərilər bron etdikləri sifarişlərin cavabını daha tez alırlar.
Mehmanxananın AİS (Avtomatik idarəetmə sistemi) və internet bronlaşdırmanın birləşdirilməsi nəticəsində, mehmanxana və turizm agentliyi, təqdim olunan mehmanxana nömrələri, xidmətləri, gündəlik tariflər, güzəştlər, qonaqlar üçün xüsusi proqramlar və s. haqqında geniş operativ informasiya mübadiləsi almaq imkanına malik olurlar. Bu məlumatlara malik olan turizm agentliyi və otel, tələbata uyğun qiymət siyasəti yeridir. Bu bronlaşdırma sistemi aşağıdakı kimi yerinə yetirilir:
Müştəri internet-bronlaşdırma sisteminin web-saytına girir və bronlaşma qaydaları ilə tanış olur, sonra mehmanxananı seçir, zəruri məlumatları yazır və E-mail ilə turizm agentliyinə göndərir. Bronlaşdırma avtomatik sistemi sifarişi tərtib edib, qaydaya salır (qeyri-standart şəraitdən başqa) və əvvəlcədən ödəniş şərti ilə ilkin təsdiqnaməni göndərir, müştəri gözləmə listinə qeyd olunur. Müştəridən müəyyən olunmuş zəmanəti (zəmanət məktubu, əvvəlcədən ödəniş və s.) alan, turizm agentliyi, bronlaşdırmanın son təsdiqnaməsini müştəriyə göndərir. Mehmanxanada təsdiqlənən bron, cədvələ qeyd olunur.
Mehmanxananın internetdə öz xüsusi səhifəsi varsa, yuxarıda göstərilən sistem vasitəsi ilə müştəri otel ilə birbaşa əlaqə yaradır. İnternet sistemi imkan verir ki, müştəri mehmanxananın nömrə fondu haqqında zəruri məlumat alsın.
İnternetin beynəlxalq kompüter şəbəkəsi elə sürətlə inkişaf edir ki, onun istifadəçilərinin sayı getdikcə artır. Turizm və mehmanxana biznesi beynəlxalq kompüter şəbəkəsindən geniş istifadə edir.