Konsyerjlər - uniformada olan xidmət personalıdır. Konsyerj sözü latın dilindən conservus sözündən götürülüb və tərcümədə “şəxsi qulluqçu” mənasını verir. Köhnə fransızcada isə “comte des cierges” ifadəsi - sarayda yaşayanların bütün istəklərini yerinə yetirən insan kimi başa düşülürdü. Onları vestibüldə xüsusi masa arxasında və ya mərtəbədə görmək olar. 1936- cı ilə qədər konsyerjlər otel işçiləri deyildi. Onlar müstəqil kiçik sahibkarlar (iş adamları) idi, oteldən yer alıb onun ərazisində fəaliyyət
göstərirdilər. Konsyerjlər restoranda qonaq üçün stol sifariş edir, milli restoranlar, əyləncə yerləri haqqında məsləhət verir, aviabiletlər sifariş edib alır, nüfuzlu qonaqlara müxtəlif xidmətlər göstərir, hətta onlar üçün bazarlıq da edir, işgüzar tapşırıqları yerinə yetirirlər. Konsyerjlər qonaqların bütün istək və arzularını yerinə yetirməyə çalışırlar. «Conde Nast Traveler» jurnalı konsyerjlər arasında sorğu keçirərək onların göstərdiyi qeyri-adi xidmətlərin siyahısını dərc etmişdir. Məsələn, Madridin «Palace Hotel» mehmenxanasında yaşayan yapon turistləri öküzlərin döyüş tamaşasına baxandan sonra Yaponiyada da belə tamaşa təşkil etməyi qərara alırlar və konsyerjdən xahiş edirlər ki, toreador tapsın, öküzlər alsın və Yaponiyaya göndərməyi təşkil etsin. Konsyerj bu tapşırığın öhdəsindən məharətlə gəlir.
Konsyerjdən qonağı maraqlandıran istənilən sualı soruşmaq olar. Qonaqlar konsyerjdən bir çox lazımlı informasiya ala bilərlər. Məsələn qonaq hansısa teatrın işi haqqında hardasa qulağının ucundan bir şey eşidib və bunu konsyerjdən soruşa bilər.
Konsyerjin qonağın adını ilk dəfədən yadda saxlaması müsbət hal saylır. Qonaq artıq ikinci dəfə ona yaxınlaşanda konsyerj ona adı ilə müraciət etməlidir. Turistə bacardıqca daha çox informasiya vermək lazımdır.
4 ulduzu olan istənilən otel konsyerj xidmətini təşkil edə bilər. Bu vəzifəyə xüsusi insanlar seçilməlidir. Konsyerj otelin siması, markanın daşıyıcısıdır. Bu çox böyük məsuliyyətdir. O heç bir halda otelin və ya konsyerj reputasiyasına zərər yetirməməlidir. Peşəkar konsyerj olmaq üçün otelin bütün xidmət sahələrini yaxşı bilmək lazımdır, bir neçə xarici dil bilmək və ünsiyyətdə olmaq vacibdir. Konsyerjlərin peşəkar təşkilatı mövcuddur- U.P.P.G.H. (Union Professionalle des Portiers des Grand Hotels). Bu təşkilat adətən «Qızıl açarlar» («Clefs d’or») adlanır.