Şvesar turist qruplarının otelə qəbulu və ya tərk etməsi zamanı holl-un təmizliyinə xüsusi diqqət yetirməlidir. Şvesar otelin holl-unda gəzişən naməlum şəxslərdən, kimi gözlədiyini, kömək lazım olduğunu soruşmalıdır. Şvesar oteldə səs-küy salan, daha çox hündürdən danışan, ədəb qaydalarını pozan müştərilərə xəbərdarlıq etməli, qayda-qanuna dəvət etməli, zərurət yaranarsa təhlükəsizlik bölməsinə müraciət etməlidir.
Şvesarın iş yeri, lazımi avadanlıq və texniki ləvazimatla təchiz olunmalıdır. Axşam vaxtı şvesar mehmanxananın xarici işıq reklamını və işıqları yandırmalıdır.
Reklam işıqları nasaz olarsa, təmir qrupuna xəbər verilir. Otelin reklamı pis işıqlandırılarsa bu qonaqlarda mənfi təəssürat yarada bilər.
Yükdaşıyan-xidmətçi (bell boy) - otelin inzibatçısının göstərişi ilə qonağın yükünü götürür və
onu nömrəyə qədər müşayiət edir. Qonağı müşayiət edən yükdaşıyan (bell boy) qonağa otel, xidmətlər, kafe, restoran, bar, camaşırxana, hovuz, idman zalı və s. iş rejimi haqqında məlumatlar verir. Nömrəyə daxil olan qonağın yerləşməsinə kömək edir, suallarına cavab verir, nömrədə olan avadanlıqların (TV, mini-bar, telefon, soyuducu və s.) iş prinsipini yoxlayır və qonağa başa salır.
Qonağın əlavə sualları yoxdursa, yükdaşıyan (bell boy) nəzakətlə sağollaşır (məsələn, “Xoş günlər keçirməyinizi arzu edirəm” deyir) və nömrəni tərk edir. Yükdaşıyan sözün əsl mənasında müdirin “gözü və qulağıdır”. Oteldə görünən şübhəli hadisələr barədə müdirə məlumat verməlidir. Yükdaşıyan oteldə qonaqların və müdiriyyətin tapşırıqlarını yerinə yetirir, poçt göndərişlərini, bağlamaları qonaqlara çatdırır.
1.5.1. ÖN BÜROYA DAXİL OLAN DİGƏR (KONSYERJ, LİFTÇİ VƏ BAŞQA) İŞÇİLƏRİN VƏZİFƏLƏRİNİ
DANIŞIR
KONSYERJ, LİFTÇİ, QARDEROBÇU VƏ TAKSİ XİDMƏTÇİSİNİN VƏZİFƏLƏRİ
Konsyerj - oteldə qonaqlara müxtəlif əlavə xidmətlər göstərən əməkdaşdır. İxtisaslı və səriştəli konsyerj müştərinin arzusu ilə Azərbaycanın müxtəlif regionlarına ekskursiyalar, nəqliyyat sifariş edir, konsert və tamaşalara biletləri təşkil edir, konsyerj biznes turistlər üçün hətta nazirlə görüşü təşkil edə bilər. Konsyerj vestibüldə qonaqlara xidmət göstərən bölmənin işini (doorman, bell boy və s.) əlaqələndirir və təşkil edir.