Laylı-kremli tort Laylı tortlar kvadrat formada, nadir hallarda isə yumru formada hazırlanır. Onlar əsasən, krem və ya meyvəli içlik ilə yapışdırılmış üçlaylı yarımfabrikatdan hazırlanır. 1000 qramlıq tortun hazırlanması üçün lazım olan yarımfabrikat kütləsi: mayasız laylı yarımfabrikat - 503 qram; yağlı “Şarlot” kremi və ya dəm kremi - 380 qram; laylı yarımfabrikatın ovuntuları - 102 qram; şəkər kirşanı - 15 qram. Kürəkcik və ya bıçaqla kvadrat formalı üçlaylı yarımfabrikat qatına yağlı krem və ya dəm kremi çəkilib yapışdırılır (Şəkil 4.19). |
Layların bir-birinə daha yaxşı yapışması üçün onlar faner taxta və ya şirniyyat listi ilə sıxılıb 20-30 dəqiqəlik pres altında saxlanılır. Laylı yarımfabrikatın qırıntılarından xırda ovuntular hazırlanır. Tortun üzərinə və yanlarına krem çəkilir və laylı yarıfabrikatın ovuntuları sıx şəkildə səpilir. Ovuntular tortun səthinə faner taxtası ilə sıxılmaqla yanaşı, eyni zamanda onun küncləri hamarlanır. Üzərinə bərabər şəkildə şəkər kirşanı səpilir. Hazır tortun keyfiyyətinə qoyulan tələblər bunlardır:
forması - kvadrat və üzərinə ovuntular və şəkər kirşanı bərabər şəkildə səpilmiş, korjların xəmiri - quru və asan ovulan; dadı - şirin və xoş.
Qara qarağat tortu Çəkisi 1000 qram olan kövrək "Qara qarağat" tortunun hazırlanması üçün lazım olan xammal və yarımfabrikatlar: kövrək yarımfabrikat - 550 qram; əsas yağlı krem - 75 qram; şokoladlı-yağlı krem - 112 qram; qara qarağat mürəbbəsi - 150 qram; biskvit qırıntıları - 10 qram; əsas ağ pomadka - 100 qram. Tort üçün dairəvi və ya kvadratşəkilli dörd kövrək korj bişirilir. Kövrək korjlar - birinci (alt) və ikinci korj - yağlı krem, ikinci və üçüncü - qara qarağat mürəbbəsi, üçüncü və dördüncü korj - yağlı-şokoladlı krem ilə bir-birinə yapışdırılır. Tortun üzərinə mürəbbə siropu çəkilir və ağ pomadka ilə şirələnir. Tortun kənarı ilə ağ və şokoladlı kremdən haşiyə düzəldilir (Şəkil 4.20). |
Hazır məmulatın keyfiyyətinə qoyulan tələblər aşağıdakılardır: forması - dairəvi; səthi - ağ pomadka ilə şirələnmiş və yağlı və yağlı-şokoladlı krem və qara qarağat giləmeyvələri ilə bəzədilmiş; kəsik - qara qarağat mürəbbəsi; yağlı və yağlı-şokoladlı krem ilə yapışdırılmış dörd kövrək korj; məmulatın xəmiri - ovulan və kövrək; dadı - xoş və şirin.
Qənnadı torbası vasitəsilə tortun səthində şokoladlı krem çəkilir və üzərinə (mürəbbədən çıxarılmış) qara qarağat giləmeyvəsi yerləşdirilir.