Cem bir dəfəyə bişirilir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə isə povidloya oxşayır. Cem hazırlamaq üçün meyvə-giləmeyvə yeyilməyən hissələrdən təmizlənir, yuyulur, tumu çıxarılır və iri meyvə (alma, armud, heyva, ərik və şaftalı) 2-8 yerə bölünür. 1 kq. meyvəyə 1-1,2 kq. şəkər əlavə edilib daim qarışdırılmaq şərti ilə 15-20 dəq. güclü istilikdə bişirilir. Cemin hazır olması mürəbbə kimi müəyyən edilir. Bişmiş cem təmiz şüşə bankalara tökülüb ağzı kip bağlanılır. Cemi şirniyyat məmulatında istifadə etmək üçün onu süzgəcdən (əgər tumlu bişirilibsə tumu ayrılır), içərisində iri tikələr olduqda isə ətçəkən maşından keçirmək lazımdır.
Albalı cemi Albalı cemi üçün 1 kq. albalıya 3 st.. Tozşəkər və yarım stəkan su götürülür. Albalı seçilir, yuyulur, tumu çıxarılır və suda yumşalanadək, sonra isə şəkər əlavə edilib hazır olanadək 15-20 dəqiqə bişirilir. Bərk konsistensiyalı cem almaq üçün albalı ceminə tərkibində jeleəmələgətirici maddə çox olan alma, alça, gavalı və qara qarağat püresi əlavə etmək olar (Şəkil 2.38). |
||
Alma cemi Alma cemi üçün 1 kq. meyvəyə 3 st. tozşəkər və 2 st. su götürülür. Qabıqlı və ya qabığı soyulmuş alma 4 yerə bölünür, təmizlənir, nazik dilimlərə doğranılır, su və 1 st. şəkər əlavə edilib alma bişib yumşalana qədər qaynadılır. Sonra yerdə qalan şəkər əlavə edilib 5-10 dəqiqə hazır olanadək bişirilir. Alma ceminə su əlavə etmədən də bişirmək olar. Nazik dilimlərə doğranmış almaya toz-şəkər əlavə edilib fasiləsiz qarışdırılmaqla 15-20 dəqiqə hazır olana qədər bişirilir. Ətirləndirmək üçün 1 ç.q. darçın əlavə etmək olar (Şəkil 2.39). |
||
Alça cemi Alça cemi üçün 1 kq. meyvəyə 3-3,5 st. tozşəkər və 1 st. su götürülür. Cem bişirmək məqsədilə iri giləli, tam yetişmiş və şirin alça sortları məsləhət görülür. Alça təmizlənir, yuyulur, üzərinə su və 1 st. toz-şəkər əlavə edilib bişirilir, sonra kəfgirlə alça şərbətdən çıxarılıb çox əzməmək şərti ilə tumu ayrılır və üzərinə şəkərin qalan hissəsi əlavə edilib hazır olanadək bişirilir (Şəkil 2.40). |