Kartof, kök və ya ağ turpdan müxtəlif fiqurlar (yarpaq, ulduz və s.) kəsib o, çəngələ keçirilir. Sonra kəsilmiş bəzəkli hissə 80°C temperatura kimi soyudulmuş karamel kütləsinə batırılır. Formaya yapışmış karamel fiqurunu zəif yağlanmış soyuq nimçəyə toxundurduqda ştamp karamel kütləsindən asanlıqla ayrılır (Şəkil 2.29). Karamel fiquru soyumamış onu çəkib uzatmaq və əyməklə istənilən formaya salmaq olar. Bir qədər soyumuş karamel kütləsindən vintvari buruqlar da düzəltmək olar (Şəkil 2.30). Bunun üçün karamel kütləsindən uzun jqut hazırlanır və yağlanmış çubuğa sarılır. Soyuduqdan sonra onu müxtəlif uzunluqda doğrayıb tort və pirojnaları bəzəmək olar. Tort və piroqlar üçün ovuntu Tort və piroqları bəzəmək üçün müxtəlif məhsullardan ovuntu hazırlanır. Hazırlanmış ovuntu ələk və ya sürtgəcdən keçirilir ki, hissəciklər eyni bərabərlikdə olsun. Məhsul əvvəlcə iri gözlüklü, sonra isə nisbətən xırda gözlüklü sürtgəcdən keçirilib müxtəlif ölçüdə ovuntu hazırlanır. Məmulatı bəzəmək üçün karton və ya başqa yarımyumşaq materialdan müxtəlif fiqurlu (ulduz, ürək, yarpaq, heyvan fiqurları və s.) şablonlar kəsilir. Məmulatın üzərinə şablon qoyulub sonra ovuntu səpilir. Nəticədə, müxtəlif fiqurlar yaranır. Ovuntu səpilmiş tort və ya piroq perqament kağızı sərilmiş boşqab və ya xüsusi tort qabına qoyulur. Ovuntular müxtəlif olur. Badam ovuntusunu təmizlənmiş və ya təmizlənməmiş, qovrulmuş və ya qovrulmamış badamdan hazırlamaq olar (Şəkil 2.31). Təmizlənib sürtgəcdən keçirilmiş ovuntunu yeyinti boyası vasitəsilə müxtəlif rənglərə boyamaq mümkündür. Badam ləpəsini yarıya, dörd yerə və xırda doğramaqla da bəzək materialı hazırlamaq olar. Püstə ovuntusu və təmizlənmiş püstə ləpəsini sürtgəcdən keçirməklə, ya da təmizlənmiş badam ovuntusunu yaşıl yeyinti boyası ilə rəngləməklə hazırlamaq olar(Şəkil 2.32). |