İkinci üsul - soyuq şokolad masaya perpendikulyar şəkildə qoyulur və iti bıçaqla çəpəki yonulur. Yonqar yığılır tortun və ya pirojnaların üstünə səpilir (Şəkil 2.25). Şokoladdan fiqurlu bəzək hazırlamaq üçün şokolad plitkasını ehmallıca qazana qoyub isti yerdə yumşalana qədər saxlamaq lazımdır. Sonra xamayabənzər şokolad kütləsi yağlı kağızdan hazırlanmış üçbucaq kisəyə tökülür. Kisənin şiş ucu azacıq kəsilib perqament kağızına şokolad kütləsindən müxtəlif fiqurlu bəzəklər vurulur. Mürəkkəb quruluşlu fiqurları hazırlamaq üçün kağız üzərində şəklini çəkib sonra həmin yerə şokolad kütləsi çökdürülür. Çökdürülmüş fiqurları soyuq yerdə saxlayıb bərkidikdən sonra ehmalca kağızdan qoparıb tort, piroq və pirojnaları bəzəmək olar. Karameldən bəzək məmulatı Karameldən bəzək məhsulları hazırlamaq üçün aşağıdakı müxtəlif xammallar götürülür. Tozşəkər - 1st., su - 3/4 st., sirkə cövhəri - 3-5 damcı və ya limon turşusu məhlulu - 10-12 damcı, ətirli cövhər və yeyinti boyası (Şəkil 2.26). Şəkər su ilə qazanda qaynadılıb kəfi yığılır (Şəkil 2.27). Üzərinə sirkə cövhəri və ya limon turşusu məhlulu əlavə edilib karamel nümunəsinə qədər bişirilir. Zövqə görə karamel kütləsinə ətirli cövhər və yeyinti boyası da əlavə etmək olar (Şəkil 2.28). |