İslatmaq üçün şəkər şərbəti Toz-şəkər - 4 x.q., su - 6 x.q.. Tort, pirojna, piroq, romlu kökə və digər məmulatları ətirli və yumşaq etmək üçün bişirilmiş əsas şirniyyat kütləsini şərbətlə isladırlar. Şərbətin qatılığı 50%-li olur, əsasən, bərabər miqdarda toz-şəkər və su götürülməklə hazırlanır. Şəkər və su qazana tökülüb qarışdırılır (Şəkil 2.10). Qaynayana qədər qızdırılır və kəfi yığılıb 40°C temperatura qədər soyudulur (Şəkil 2.11). Sonra hazırlanacaq məmulatın tərkibindən asılı olaraq müxtəlif ətirli maddələr əlavə edilir (Şəkil 2.12). Ətirli maddələri isti şirəyə əlavə etmək olmaz, əks halda onun əsas komponentləri buxarlanıb uçur. Biskvitli krem məmulatı üçün vanilin (2 q), vanilin likörü (1 x.q.), qəhvə ekstraktı (2 x.q.) və yumşaq muskat şərab (1 x.q.) əlavə (bunlardan birini) etmək olar. Meyvə püresi içlikli biskvit məmulatı üçün şərbətə limon şirəsi (yarım limonun şirəsi) və ya alma zərdabı (1 x.q.) və ya limon likörü (1 x.q.) və yaxud meyvə-giləmeyvə şirəsi və ya şərbəti (2 x.q.) əlavə etmək olar. Bu zaman şərbəti yeyinti turşuları (limon, alma və s.) ilə azacıq turşulaşdırmaq məsləhətdir. Romlu şərbət hazırlamaq üçün əsas şirəyə 2 ç.q. desert şərab və ya 1 ç.q. rom və yaxud bir neçə damla cövhər əlavə etmək olar. |
Şirələmək üçün şəkər şərbəti
Toz-şəkər - 1st., su - 0,5 st. və ətirləndirici maddələr. Pryanik, peçenye, mayalı xəmirdən qənnadı məmulatları və meyvələri şirələmək üçün ətirləndirilmiş şəkər şərbətindən istifadə olunur. Toz-şəkər su ilə qazanda qaynadılır, kəfi yığılır və qalın sap nümunəsinə (bəzən nazik sap nümunəsinə ) qədər bişirilir. Sonra şərbət 80°C temperatura qədər soyudulur, üzərinə yarım limon, portağal və yaxud bir naringinin şirəsi və ya da 2-3 qr. şəkərli vanilin, yaxud da 0,5 ç.q. konyak və ya likör əlavə edilib ətirləndirilir. Qaynar şirəni məmulata şotka ilə sürtmək lazımdır. Xırda məmulatı (peçenye və pryanik) isə qazan və yaxud dərin emallı ləyənə əlavə edib üzərinə təxminən 1 kq. məhsula 5-6 x.q. şərbət töküb taxta qaşıqla məmulatın bütün səthi şirələnənə kimi qarışdırılmalıdır. Bundan sonra məmulat perqament kağız, emallı qab və ya taxta üzərinə əlavə edilib isti və quru yerdə 1-2 saat səthi quruyana qədər saxlanılmalıdır. Əgər şərbət çox qatıdırsa, onda məmulatın səthi parıltısız və şirə qatı qalın olacaqdır. Əksinə, şərbət çox duru olsa, məmulatın səthindən axacaq və gec quruyacaqdır.