suda həllolanlar – C, P, B1, B6, B12, B2, PP və s.; yağlı həllolanlar – A, D, E, K və vitaminşəkilli maddələr– U, F və B (xolin).
Bir çox vitamin, məsələn, C, B və P vitaminləri insan orqanizmində sintezləşdirilmir və ehtiyat üçün toplanmır. Bu vitaminlər orqanizmə qida vasitəsi ilə daxil olur. B, PP və K vitaminləri isə insan orqanizmində sintezləşdirilir.
Vitaminlər - bütün qida məhsullarının tərkibinə daxil olur. Bağırsaq bakteriyaları da müəyyən vitamin növlərini yaradır. Bəzi məhsullar qida dəyərinin artırılması məqsədilə süni şəkildə vitaminləşdirilir.
Məsələn: süd, kefir, kərə yağı, şirniyyat (qənnadı) məmulatları və s..
C vitamini - (askorbin turşusu) orqanizmin hüceyrələrinin oksidləşdirici-bərpaedici proseslərində iştirak edir, yoluxucu xəstəliklərə qarşı müqavimət qabiliyyətini yüksəldir və maddələr mübadiləsinə təsir edir. C vitamini meyvələr (əsasən, sitrus meyvələri), qara qarağat, itburnu, meşə giləmeyvələri, yaşıl tərəvəzlər, cəfəri, kartof, gül kələmi və qırmızı istiotun tərkibinə daxildir.
C vitamininin çatışmazlığı yaz yorğunluğu, daxili qanaxma, diş ətinin qanaxması, dişlər və sümüklərdə dəyişikliklər, qanazlığı, sinqa (skorbut - vitaminsizlik) və ürək fəaliyyətinin pozulmasına gətirib çıxarır.
P vitamini (bioflaonoid) - kapilyarları bərkidir və qan damarlarının keçiriciliyini aşağı salır. Tərkibində C vitamini olan ərzaq məhsullarında P vitamini də vardır.
B1 vitamini (tiamin) - karbohidratların parçalanması və hüceyrələrdə maddələr mübadiləsinə kömək edir və əsəb sisteminin fəaliyyətini nizama salır. O, heyvan və bitki mənşəli məhsullarda - donuz əti, qaraciyər, mayalar, paxlalılar və qaba şəkildə üyüdülmüş un kəpəyində olur. B1 vitamini çatışmazlığı inkişaf və əsəb sisteminin pozulması, ayaq əzələlərinin iflicində əmələ gələn beri-beri xəstəliyi, ürək çatışmazlığı, hərəkətlərin pozulması və yaddaşın zəifləməsinə səbəb olur.
B2 vitamini (riboflavin) - hidrogenin nəql edilməsi (daşınması), həmçinin, maddələr mübadiləsində iştirak edir və böyümə və görmə qabiliyyətinə təsir edir. O, qaba şəkildə üyüdülmüş un kəpəyi, mayalar, donuz əti, yumurta, süd, tərəvəzlər, soya və qarabaşaq yarması və bu kimi məhsullarda olur. B2 vitamini çatışmazlığı inkişaf və əsəb sisteminin pozulması, həmçinin, dəri və selikli qişanın zədələnməsi, mədə sekresiyasının funksiyalarının aşağı düşməsi və görmə qabiliyyətinin pisləşməsinə səbəb olur.
PP vitamini (nikotin turşusu) - bəzi fermentlərin tərkibinə daxildir və maddələr mübadiləsində iştirak edir. Bu vitamin heyvan və bitki mənşəli məhsulların - qaba şəkildə üyüdülmüş un kəpəyi, düyü, arpa, mayalar, toyuq və ya dovşan əti, göbələklər və s. tərkibinə daxildir. Bundan başqa, PP vitamini insan orqanizmində birləşə bilir. PP vitamininin çatışmazlığı əsəb pozuntuları, yorğunluq, zəiflik, qıcıqlanma, pellaqra xəstəliyi (dəri zədələnməsi xəstəliyi) və həzmetmə prosesinin pozulması əlamətləri ilə müşayiət olunur.
B6 vitamini (piridoksin) - maddələr mübadiləsi prosesində iştirak edir və bir çox qida məhsulunun - kartof, tərəvəzlər, fındıq, süd, yumurta və s. tərkibinə daxildir. B6 vitamininin çatışmazlığı dəri və əsəb pozulmasına səbəb olmaqla yanaşı, eyni zamanda ağız boşluğu və göz iltihabı, əsəb sisteminin funksiyasının pozulması və damarların vəziyyətində dəyişikliklərə səbəb olur.