Zahiri görünüşünə görə bombajın növünü müəyyən etmək mümkün deyil. Buna görə də şişirdilmiş dibli bankalardan olan xammaldan istehsalda istifadə etmək olmaz. Belə bankaları müayinə üçün sanitar-epidomoloji stansiyanın laboratoriyasına göndərmək lazımdır. Şirniyyat sexləri və müəssisələrin yerlərinin sanitar tələblərinə diqqət yönəldilməlidir. Bütün yerlər lazımi təmizlikdə olmalıdır. Hər gün döşəməni süpürmək və yumaq, toz və hörümçək torunu təmizləmək və pəncərələr və qapıları silmək lazımdır. Həftədə bir dəfə otaqlar sabun-qələvi məhlul və xlor əhənginin işlədilməsi ilə təmizlənir. Ayda bir dəfə təmizləmə və dezinfeksiyanın keçirilməsi üçün sanitar gün təyin olunur.