Yoluxucu xəstəliklər olduqda qabların müəyyən olunmuş qayda üzrə zərərsizləşdirilməsi (dezinfeksiyası) işləri həyata keçirilir. Qabların zərərsizləşdirilməsi üçün hər qrupda quraşdırılan quru qızdırıcı şkaflardan istifadə edilməlidir. Bu şkaflar olmadıqda qabların zərərsizləşdirilməsi üçün hər qrupda qabların dezinfeksiyaedici məhlulda isladılması üçün qapaqlı qablar qoyulmalıdır.
Körpələr qruplarında süd qarışıqları saxlanan şüşələr yuyucu vasitələrlə isti su altında yuyulur, sonra 45 dəqiqə ərzində 120°C temperaturda avtoklavda sterilləşdirilir və ya 15 dəqiqə ərzində suda qaynadılır və nişanlanmış, ağzı qapaqlı və minalı qabda saxlanılır. İstifadədən sonra yuma ləvazimatları su altında yuyularaq 30 dəqiqə ərzində qaynadılır, qurudulur və quru vəziyyətdə saxlanılır. İstifadə edildikdən sonra 15-20 dəqiqə ərzində 2 faizli sodalı məhlulda isladılır, sonra su ilə yuyulub 3 dəqiqə ərzində qaynadılır və qapalı şəraitdə saxlanılır.
Tez xarab olan ərzaq məhsulları 2-6 dərəcə temperaturda soyuducu kamera və ya soyuducularda saxlanılır.
Soyuducu kameralar və ya soyuducularda temperatura nəzarət məqsədi ilə termometrlər quraşdırılır. Cəmi bir soyuducu kamera olduqda ət, balıq və süd məhsulları saxlanan guşələr bir-birindən mütləq təcrid edilməli və kamerada asanlıqla yuyulub təmizlənə bilən xüsusi rəflər quraşdırılmalıdır (Şəkil 1.58).