Yeyinti yağları - şirniyyat məmulatının hazırlanmasında kərə yağı, marqarin, qənnadı, bitki yağı və mayonezdən istifadə olunur. Yeyinti yağları mənşəyinə görə bitki və heyvan yağları qrupuna bölünür. Hər iki qrup konsistensiyasına görə maye və bərk yağlara ayrılır. Marqarin, mayonez və qənnadı yağlarının əsasını bitki və heyvan mənşəli yağlar təşkil edir. Kərə yağı - dadı şirin, duzlu və turş ola bilər. Əlavəli kərə yağları da istehsal edilir. Şokoladlı yağın tərkibində 62% xalis yağ, 18% şəkər, 2,5% kakao tozu və 16% su vardır (Şəkil 1.5). |
Bunlardan başqa, buterbrod üçün kərə yağı, meyvəli məhsullar üçün kərə yağı, pəhriz üçün kərə yağı, çay üçün kərə yağı (tibetlilər sadə çayın dəminə kərə yağı əlavə edirlər. Dəridə yaranan çatları yox edərək parlaqlıq qazandırır. İmmunitet sistemini möhkəmləndirir. Çaya 1 və ya 2 çay qaşığı kərə yağı əlavə etmək damarların tıxanmamasının da qarşısını alır.), desert üçün kərə yağı və s. istehsal edilir. Kərə yağından daha çox tort üçün kremin hazırlanmasında istifadə edilir. Əgər reseptdə xəmirə kərə yağı nəzərdə tutulmuşsa, həmin yağı eyni miqdar marqarinlə əvəz etmək olar. Qeyd etmək lazımdır ki, əsas xammal kimi duzlu və duzsuz kərə yağından istifadə edilir. Kərə yağı yad tamlarsız və qoxularsız və eyni rəngə malik olmalıdır. Kərə yağı istifadədən əvvəl təmizlənib hazırlanır, bəzən əridilir və ələkdən süzülür.
Marqarin - yüksək keyfiyyətli yağ olub bitki və heyvan yağları, süd, tamlı və ətirli maddələrin qarışığından hazırlanan məhsuldur. Dadına və qoxusuna görə kərə yağına oxşardır. Marqarin reseptinə və təyinatına görə 3 qrupa bölünür: aşxana və sənaye emalı (qənnadı fabriklərinə göndərilir); ictimai iaşə və tamlı qatmalı marqarin. Hər növ marqarinin müxtəlif çeşidi keyfiyyətindən asılı olaraq əla və birinci əmtəə sortlarına bölünür. Sənaye emalı və ictimai iaşə üçün istehsal olunan marqarinin qənnadı və çörəkçilik sənayesi üçün istehsal edilən növləri vardır. Şirniyyat istehsalında südlü və qaymaqlı marqarindən istifadə edilir (Şəkil 1.6). Bitki yağları - yağlı bitkilərin toxumundan alınır. Əsasən, günəbaxan, pambıq, soya, kətan, çətənə, zeytun, qarğıdalı, xardal və küncüt yağları istehsal edilir. Bitki yağlarından qənnadı məmulatlarının hazırlanmasında az istifadə olunur, çünki bu yağlar xəmirə yaxşı hopmur və məmulatdan ayrılır (Şəkil 1.7). |