Hörmətli oxucu!
Şirniyyat məmulatı çətin və asan həzm olunan və yaxşı mənimsənilməsi ilə fərqlənən yeyinti məhsullarındandır. Bu onunla əlaqədardır ki, şirniyyatların hazırlanmasında yüksək keyfiyyətli buğda unu, nişasta, şəkər, bal, yeyinti yağları, yumurta, süd-süd məhsulları, meyvə və giləmeyvədən istifadə olunur. Məhsulun keyfiyyəti və görünüşünü yaxşılaşdırmaq məqsədi ilə müxtəlif ədviyyatlar, ətirli maddələr, tamlı qatmalar və yeyinti boyalarından istifadə edilir. İstifadə olunan məmulatın tərkibi müxtəlif xammallarla - karbohidrat, yağ, zülal, minerallı maddələr, vitaminlər və digər bioloji fəal maddələrlə zənginləşdirildiyindən hazırlanan şirniyyatın orqanizmə verdiyi real kalori yüksək olur. Məhsulların gözəl görünüşü, xoşagələn ətri və ləziz dadı iştahanın artmasına səbəb olur.
Hazırki modulda bir çox məsələyə nəzər yetirilmişdir. Şirniyyat məmulatlarının istehsalına hazırlıq zamanı zəruri sayılan bilik və bacarıqları özündə əks etdirən modul 2 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanmış və verilən məzmunun möhkəmləndirilməsi üçün “Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsində şirniyyat məmulatlarının hazırlanması üçün hazırlıq görülməsindən bəhs olunur. Hazırlıq işləri dedikdə, burada istehsal üçün tələb olunan xammallar və onların saxlanması və emalı üzrə tələblər əsas vurğulanır. Daha sonra isə bu məhsullardan xəmirin hazırlanması ardıcıl olaraq izah olunur.
İkinci təlim nəticəsində, şirniyyat məmulatlarının hazırlanması üçün inqrediyentlərin hazırlanması məsələsi vurğulanır. Burada əsas toxunulacaq məsələ ev şəraitində inqrediyentlərin həcm və ölçülərinin hesablanması məsələsidir. Daha sonra isə yarımfabrikatların - krem, şəkər şərbəti və içliklərin hazırlanması prosesi həyata keçirilir.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək fəaliyyətinizin yüksək səviyyədə qurulmasının əsası sizə təqdim edilən materialların həm nəzəri, həm də praktiki mənimsənilməsindən çox asılıdır.