Google Chrome
Günümüzdə ən populyar veb-bələdçilərdən biri də Google Chrome proqramıdır. Google Chrome kifayət qədər yüksək sürəti və stabilliyi, eləcə də etibarlılığı ilə öz rəqiblərindən seçilir.
Bu veb-bələdçinin istifadəçi interfeysi o qədər sadə və effektivdir ki, ilk baxışdan müəyyən faydalı funksiyalar gözə dəymir. Bu məqalədə Google Chrome brauzerinin bir çox faydalı funksional imkanı haqqında bəhs ediləcək (Şəkil 2.1).
Google Chrome-un əsas xüsusiyyətlərindən biri odur ki, burada hər bir veb-səhifə müstəqil bir prosesdir. Brauzerin tərkibində daxili "işlər dispetçeri" mövcuddur. Bu dispetçer Windows əməliyyat sistemində olduğu kimi cari proseslər və yaddaş və prosessor resurslarından istifadəni hər bir səhifə üçün ayrıca idarə edir. İş dispetçerini alətlər menyusu, eləcə də Shift + Esc düymələrini basmaqla çağırmaq olar.
Google Chrome brauzeri ilə gələn yeniliklərdən biri də odur ki, ünvan sətrini sadəcə vebsəhifələrə keçid üçün yox, həm də axtarış sorğularını daxil etmək üçün də istifadə etmək olar. Axtarış sorğuları əvvəlcədən təyin edilmiş axtarış motoru vasitəsilə emal olunur.
Brauzerlə çalışarkən bəzi hallarda baxılan səhifələrin qaynaq kodlarına baxmaq lazım gəlir. Bunun üçün Ctrl + Shift + I düymələrinə basmaq kifayətdir. Google Chrome-un daha maraqlı xüsusiyyətlərindən biri də inkoqnito rejimidir. Bu rejimdə çalışarkən tam təhlükəsizlik təmin olunur. Belə ki, inkoqnito rejimində çalışdıqdan sonra istifadəçiyə aid bütün məlumatlar (istifadəçi məlumatları, baxdığı saytlar və s.) silinmiş olur. Maraqlısı isə odur ki, eyni zamanda həm adi, həm də inkoqnito rejimində çalışmaq mümkündür.
İşçi paneldə yerə qənaət etmək üçün Pin Tab (tabı bərkit) funksiyasından istifadə emək olar. Əgər eyni zamanda bir neçə səhifə ilə çalışırsınızsa, bu funksiyadan istifadə əvəzsizdir. Google Chrome-un daha bir faydalı imkanı da ayrı-ayrı saytların sanki müstəqil bir proqram kimi istənilən yerdən (Start menyusu, işçi masadakı yarlıq və s.) açılmasıdır. Bundan başqa, Google Chrome proqramı vasitəsilə faylların yüklənməsi də sürətlə həyata keçirilir. Yükləmələr Downloads qovluğuna yerləşdirilir və yüklənən fayllar brauzerin aşağı tərəfində işarələr şəklində görünür, istənilən zaman bu faylları kompüterdə istənilən qovluqda yerləşdirmək olar.
Mozilla Firefox - populyar və ödənişsiz internet brauzeridir. Rəsmi olaraq Microsoft Windows əməliyyat sistemi üçün buraxılır. İlk adı Phoenix” (“Simurq”) idi. Ticarət işarələrində yaranmış toqquşma səbəbindən bir müddətdən sonara adı dəyişdirilərək “Firebird” qoyuldu. Eyni səbəbdən sonradan bu ad da “Firefox” adı ilə əvəz olundu. Çox zaman yanlış olaraq “Mozilla” adlandırılır (Şəkil 2.2).