Ekranda yeni səhifə açılacaq. Buradan göndər (отправить/Send to) bölməsinə gəlirik (Şəkil 4.2).
Açılan yeni pəncərədə faylımızı göndərmək istədiyimiz yaddaş daşıyıcısını seçirik və sol düyməni sıxaraq məlumatımızı həmin daşıyıcıya göndəririk.
Təhlükəsizlik baxımından (faylların zədələnməsi, silinməsi və oğurlanması), faylların yaddaş daşıyıcısında olması vacibdir.
Bundan başqa, informasiyanı kompüterdə müxtəlif üsullarla saxlamaq olar. Ən tez verilənləri yadda saxlamaq üsulu onları elektron mikrosxemdə yazmaqdır. Bu elektron mikrosxem operativ (əməli) yaddaş adlandırılır.
Əməli yaddaşı çox vaxt əməli yaddaş qurğusu (ƏYG) və ya RAM adlandırılır. Operativ yaddaş xanalardan ibarətdir. Hər bir xanada 1 bayt verilən saxlamaq olar. Hər bir xananın özünün ünvanı vardır. Ona görə də bu xanalar ünvanlı xanalar adlandırılır.
Kompüter verilənləri operativ yaddaşa saxlamaq üçün göndərdikdə o həmin verilənin yerləşdiyi ünvanı yadda saxlayır. Operativ yaddaşın ünvanlı xanası bir bayt veriləni yadda saxlayır. Belə ki, 1 bayt 8 bitdən ibarətdirsə, onda operativ yaddaşın 8 bitlik xanası vardır. Operativ yaddaşın hər bir bit xanalı mikrosxemini elektrik cərəyanı saxlayır. Cərəyan xanalarda uzun müddət saxlanıla bilmir, o, tədricən ”tükənir“, saniyənin 1/10 hissəsində həmin cərəyan o qədər azala bilər ki, verilənlər itə bilər.