Cihazda olan nasazlıq və ya performansdakı səhvlərin müəyyən edilməsi
Kompüterlərin ilbəil gücləndiyi və onların məhsuldarlığının (hesablama gücünün) yüksəldiyini, yəqin ki, bilirsiniz. Bu yüksəliş, ilk növbədə, kompüter sistemini təşkil edən əsas qurğuların göstəricilərindən asılı olur. Bu qurğuların məhsuldarlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.
Kompüterin başlıca hissəsi mərkəzi prosessor və ya sadəcə prosessordur. Onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun sürəti olaraq bir saniyədə yerinə yetirilən əməliyyatların sayı götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olunması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslandırılıb. Çağdaş kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliyi müxtəlif olan komandaların yerinə yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların işləmə sürəti təkcə prosessora görə deyil, həm də kompüter sisteminin başqa komponentlərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur.
Bundan başqa, müasir kompüterlər bəzi əməliyyatları (o cümlədən, ayrı-ayrı komandaları) paralel olaraq yerinə yetirə bilir.
Mərkəzi prosessorun bilavasitə hesablama işlərini görən hissəsi onun nüvəsi adlandırılır. İlk prosessorlarda bir nüvə olurdu, ancaq müasir prosessorlarda onların sayı iki və ya daha çox olur. Bir neçə nüvənin olması bir neçə məsələni (proqramı) paralel yerinə yetirməyə imkan verir ki, bu da kompüterin sürətini əhəmiyyətli dərəcədə artırır. Başqa sözlə, mərkəzi prosessorun nüvələrinin sayı nə qədər çox olarsa, onun məhsuldarlığı da bir o qədər yüksək olar.
Kompüterin prosessoru və operativ yaddaşın sürət göstəriciləri hesablama məsələlərinin sürətlə aparılmasında mühüm rol oynayır. Ancaq, bu gün fərdi kompüterlərin istifadə olunduğu sahələr təkcə hesablama məsələləri ilə məhdudlaşmır. Ona görə də kompüter sisteminin məhsuldarlığına başqa faktorlar da təsir göstərir:
Kompüterin sürətinə təsir edən amillərdən biri də onun operativ yaddaşının (RAM) həcmidir. Müasir kompüterlər çoxtapşırıqlı rejimdə işləyir. Eyni anda çalışan hər bir məsələ (proqram) üçün əməliyyat sistemi operativ yaddaşda ayrıca sahə ayırır. Bütün məsələlərin tələb etdiyi yaddaşın ümumi həcmi mövcud operativ yaddaşın tutumundan çox olarsa, əməliyyat sistemi əlavə yaddaşı sərt diskdə formalaşdırır. Ancaq operativ yaddaşla müqayisədə sərt diskə müraciət sürəti yavaş olduğundan bu bütün kompüter sisteminin sürətini aşağı salır. Kompüterə