Burada protokol dedikdə, eyni adlı səviyyələrdə olan obyektlərin qarşılıqlı əlaqə qaydaları və obyektlər arasında bloklarla verilənlərin təminatını yerinə yetirən vasitələr başa düşülür. Misal olaraq, OSI tərəfindən qəbul edilmiş yüksəksəviyyəli verilənlərin ötürülməsinə nəzarət sistemini göstərmək olar.
İnterfeys qonşu səviyyələr arasında qarşılıqlı əlaqə prosedurlarını idarə edən və həyata keçirmək üçün istifadə edilən proqram-aparat kompleksidir. Belə interfeyslərə misal olaraq X.25-i göstərmək olar. Bu interfeysin köməyi ilə ümumi istifadə olunan verilənlərin şəbəkəyə ötürülməsi və qoşulması təmin edilir. Protokolların təlimatlarında verilənlərin son avadanlıqlarla qarşılıqlı əlaqə ardıcıllığı göstərilir.
Kompüter şəbəkələri onun resurslarından istifadəçilərin səmərəli istifadə edə bilmələri üçün təşkil edilir. Bu isə şəbəkənin resurslarının istismar imkanlarından bilavasitə asılıdır. Şəbəkələrin istismarı ilə əlaqədar qoyulan məsələlərin əhatə dairəsinə onun əsas xarakteristikaları və göstəriciləri daxildir. Şəbəkələrin təşkili ilə əlaqədar əsas göstəricilər aşağıdakılardan ibarətdir:
Məhsuldarlıq müxtəlif sahələrdə müxtəlif səviyyədə qiymətləndirilə bilər. İstifadəçi üçün KŞ-nin səmərəliliyini müəyyən edən əsas göstərici məhsuldarlığın ədədlə ifadə edilən vaxt göstəricisidir. Bu göstərici sorgunun verilməsi ilə cavabın alınması arasında keçən vaxt intervalının ədədi qiyməti ilə müəyyən olunur. Ümumiyyətlə, vaxt faktoru bir sıra amillərdən asılıdır. Məsələn, vaxt faktoruna şəbəkəyə xidmətlə əlaqədar olan prosedurların yerinə yetirilməsinə sərf olunan vaxtın müddəti, şəbəkənin yüklənməsinə tələb edilən vaxtın müddəti, yükləmənin hissə-hissə yerinə yetirilməsinə sərf edilən vaxt müddəti və s. təsir göstərir. Ona görə də şəbəkənin məhsuldarlığı bu yöndən təhlil ediləndə şəbəkənin işləmə sürətini yuxarı və aşağı sərhədlərin ortasında götürmək lazımdır.
Şəbəkənin buraxıcılıq qabiliyyəti şəbəkədə müəyyən vaxt ərzində ötürülən informasiyanın miqdarından asılıdır. Yəni müəyyən vaxt ərzində şəbəkədən nə qədər çox informasiya ötürülərsə, onun buraxıcılıq qabiliyyəti də bir o qədər yüksək olacaqdır. Buraxıcılıq qabiliyyəti, adətən, şəbəkə ilə saniyədə neçə bitin ötürülməsi ilə ölçülür. Vaxt faktoruna təkcə burada göstərilən amillərlə baxmaq kifayət etmir. Ona görə ki, vaxt faktorunun qiymətinə istifadəçi tərəfindən daxil edilən sorğunun şəbəkə düyün nöqtəsinə çatmasına sərf edilən müddət və onun yerinə yetirilməsi üçün tələb edilən müddət və bu (deyək ki, hər bir istifadəçinin fiziki imkanları və işləmə sürətinin fərqli olması) kimi amillər də təsir göstərir.