Çox istismar edilən lokal şəbəkələrdə verilənlər mübadiləsinin axırıncı düyün nöqtələrində informasiya axını marşrutlaşdırıcılar vasitəsilə yerinə yetirilir.
Məntiqi qruplaşdırmanın təşkili ilə marşrutlaşdırıcı vasitəsilə verilənlərin kütləvi ötürülməsini bir neçə dəfə azaltmaq mümkün olur.
Məsələn, əgər istifadəçi domenlərini geniş sahədə qruplaşdırıbsa, bu halda trafiklərin çox hissəsi qrupun daxilində qalır və marşrutlaşdırıcının yükü qat-qat azalır.
Geniş sahədə təşkil olunmuş domen bir binada yerləşdirilmiş FK-də qeyd olunur. Belə domen yayımı bir-birindən uzaqda yerləşdirilmiş kompüterlərlə də aparıla bilər. Belə hallar qlobal kompüter şəbəkələrində də olur. Qeyd olunmuş birləşdirmə üsulları ilə verilənlərin ötürülməsində marşrutlaşdırıcı qruplarından istifadə olunmadığına görə stansiyalar arasında informasiya mübadiləsi daha tez yerinə yetirilir.
Virtual şəbəkələrdə şəbəkə resurslarının məntiqi qruplaşdırılmasının əsas üstün cəhətlərindən bir neçəsini qeyd edək.
Çevik seqmentləşdirmə – şəbəkə düyünləri arasında trafiklərin paylanması (yayılması) şəbəkənin seqmentləşdirmə yolu ilə bölünməsindən çox asılıdır. Belə hallarda trafiklər şəbəkə düyün nöqtələrinin hamısı arasında paylanmır. Bu da şəbəkənin səmərəliliyini artırır.
Bir-biri ilə daha sıx qarşılıqlı əlaqədə olan istifadəçi və resurslar onların fiziki yerləşməsindən asılı olmadan ümumi virtual şəbəkə üzrə qruplaşdırıla bilər. Hər bir istifadəçi qrupunun trafiki, əsasən, virtual şəbəkələrdə olduğuna görə əsas magistralda kənar trafiklər azalır və nəticə etibarilə bütövlükdə, şəbəkənin məhsuldarlığı artır.
Adminstratorlaşdırma – virtual şəbəkə topologiya cəhətdən proqram təminatına görə çox da geniş dəyişdirmə tələb etmir. Həm də kommunikasiya ilə bağlı daha doğrusu, şəbəkə avadanlıqlarının fiziki birləşdirilməsi ilə əlaqədar dəyişikliklər aparmağa ehtiyac olmur.
Məntiqi qruplaşdırma yolu ilə şəbəkənin strukturunu daha tez dəyişdirmək və yenidən təşkil etmək mümkün olur. Şəbəkənin strukturunun dəyişdirilməsi və yenidən təşkil edilməsi səbəkə administratorunun (inzibatçısının) idarəedici işçi stansiyasının köməyi ilə və ya struktur cəhətdən uyğun gələrsə, DHCP protokolu vasitəsilə yerinə yetirilir.
Məhsuldarlığın artırılması – virtual şəbəkələr genişyayımlı trafikin bütün şəbəkə üzrə yayılmasını məhdudlaşdırdığına görə əsas magistralda buraxıcı zolağı azad edir və bu da şəbəkənin məhsuldarlığının artırılmasına səbəb olur.
Server resurslarından səmərəli istifadə – virtual lokal şəbəkəni himayə edən şəbəkə server adapteri bir neçə virtual şəbəkəyə mənsub ola bilir. Bu da trafikin server və serverdən marşrutlaşdırılmasına tələbatı azaldır, nəticə etibarilə, server resurslarından səmərəli istifadə edilməsinə imkan yaradır.
Təhlükəsizlik tədbirlərinin genişləndirilməsi – virtual şəbəkələr virtual sərhədlər yaradır. Virtual şəbəkələrdə yaranan virtual sərhədlər təkcə marşrutlaşdırıcıdan keçəndə kəsişə bilər. Beləliklə, marşrutlaşdırıcılarda tətbiq edilən standart müdafiə texnologiyasından müxtəlif virtual şəbəkələrə müraciəti məhdudlaşdırmaq üçün də istifadə etmək olar.
Hal-hazırda bir çox virtual lokal şəbəkə növü istismar edilir. Virtual lokal şəbəkələrin sadə variantlarının yaradılması zamanı kommutatorun müəyyən portları konkret virtual şəbəkəyə təhkim edilir. İstifadəçinin kompüteri kommutatorun digər portuna qoşulanda şəbəkə administratoru köhnə virtual şəbəkəyə yeni port təhkim edə bilir və administratorun topologiya ilə əlaqədar heç bir dəyişiklik aparmasına ehtiyac olmur.