Hörmətli oxucu!
Sürətlə inkişaf edən müstəqil dünyada informasiya texnologiyalarının inkişafı bir zərurətə çevrilmişdir. Bu gün təhsil sistemində yeni forma və metodların istifadə edilməsi, xüsusilə, zəruridir. Hazırda hər bir şagird və tələbə sadə kompüter bacarıqlarından daha irəli gedərək yeni texnologiyalardan düzgün istifadə etmək və ətraf aləmdə gedən dəyişikliklər və cəmiyyətdəki sosial proseslərə öz münasibətini ifadə etməyi bacarmalıdır.
Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək elmi-texniki və iqtisadi tərəqqi və ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə çevrilmişdir. Kompüter texnikasının tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən dəyişdirilməsi, əmək məhsuldarlığının artması və insanların əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Kompüter texnologiyası, həmçinin, qlobal informasiya mühitinin yaradılması, informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı, təhsil sisteminin təkmilləşdirilməsi və beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişləndirilməsi hesabına cəmiyyətin peşə və ümumi mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır. Hazırki modul 2 təlim nəticəsindən ibarətdir:
Birinci təlim nəticəsi kompüter şəbəkələrinin tərkib hissələri, şəbəkədə istifadə olunan kommunikasiya avadanlıqları və şəbəkənin parametrlərindən istifadə qaydalarını özündə birləşdirir.
İkinci təlim nəticəsi isə lokal şəbəkədə olan periferiya qurğuları, qovluqlar və fayllardan birgə istifadəni ətraflı şəkildə özündə əks etdirir.
Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanmış və bu təlim nəticəsində verilən məzmunun möhkəmləndirilməsi üçün “Sərbəst iş üçün tapşırıqlar” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə (nəzəri və praktiki bacarıqlar və modulun)” bölməsi verilmişdir.
Bu modulu öyrəndikdən sonra siz şəbəkə və şəbəkə resurslarından isitfadə etməklə yanaşı, eyni zamanda lokal şəbəkəyə qoşulan periferiya qurğuları ilə rahat şəkildə işləyə biləcəksiniz.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı sizə verilən materialların həm nəzəri, həm də praktik mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.