Microsoft Office Outlook - bu proqram da ofis proqramlarının əsas proqramlarından biridir. Bu proqram bir e-poçt proqramıdır. Bütün e-poçtların ortaq bir yerə toplanması üçün nəzərdə tutulmuşdur. Məsələn, bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara bu proqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox isitfadə olunan proqramdır. İstifadəsi çox asandır (Şəkil 1.4).
Microsoft Office Publisher - bu proqram daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar və braşürlər hazırlaya bilərsiniz. Həmçinin, kiçikhəcmli veb-saytların hazırlanması da mümkündür. Son versiyada istifadəçilərin rahat istifadə edilməsi üçün proqramda hazır temalar qoyulmuşdur. Məsələn, hər hansı bir veb-sayt hazırlamaq istəyirsinizsə, proqramın özündə bir çox tema vardır və siz onlardan seçə bilərsiniz. Bundan başqa siz başqa bir yerdən də tema əlavə edə bilərsiniz. İstifadəsi bir qədər çətindir (Şəkil 1.5).
Microsoft Office Access - bu proqramın da istifadəçiləri çoxdur. Belə ki bu proqram verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Microsoft Access müxtəlif növ informasiyanın toplanması və sistemləşdirilməsi, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasının təşkil edilməsi, verilənlərin daxil edilməsi üçün formaların tərtib edilməsi və hesabatların hazırlanmasına imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə, həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir (Şəkil 1.6).