Hörmətli oxucu!
Sürətlə inkişaf edən müstəqil dünyada informasiya texnologiyalarının inkişafı bir zərurətə çevrilmişdir. Bu gün təhsil sistemində yeni forma və metodlardan istifadə edilməsi xüsusilə zəruridir. Hazırda hər bir şagird və tələbə adi kompüter savadlığından daha irəli gedərək, yeni texnologiyalardan düzgün istifadə etməyi, ətraf aləmdə gedən dəyişikliklərə və cəmiyyətdəki sosial proseslərə öz münasibətini ifadə etməyi bacarmalıdır.
Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək, elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə çevrilmişdir. Kompüter texnikasının tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən dəyişdirilməsinə, əmək məhsuldarlığının artmasına, insanların əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Kompüter texnologiyası həmçinin qlobal informasiya mühitinin yaradılmasında, informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik bazarının yaradılmasında və inkişafında, təhsil sisteminin təkmilləşməsində, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır. Hazırki modul 3 təlim nəticəsindən ibarətdir:
Birinci təlim nəticəsi sistem proqramlarının funksiyalarını və onlardan istifadə qaydalarını özündə birləşdirir.
İkinci təlim nəticəsi isə işçi stolu fərdiləşdirilməsini, əsas obyektləri ilə işləmə qaydalarını, Windows əməliyyat sisteminin əsas obyektlərindən, tapşırıq panelindən, idarəetmə panelindən istifadəni ətraflı şəkildə əks etdirir.
Üçüncü təlim nəticəsi rəqəmsal məzmunun yazırlanması və standart proqram imkanlarından istifadəni özündə ətraflı şəkildə əks etdirir.
Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu ətraflı açıqlanmış, verilən məzmunun möhkəmləndirilməsi üçün “Sərbəst iş üçün tapşırıqlar” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə (nəzəri, praktiki, bacarıqların və modulun)” bölməsi verilmişdir.
Əziz təhsilalanlar! Unutmayın ki,gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı sizə verilən materialların həm nəzəri,həm də praktik mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.