Mikroprosessor
Mikroprosessor həm mərkəzi prosessor, həm də kompüterin əsas hissəsi (CPU-Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) də adlandırılır. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub kompüterə daxil olunan informasiyanın təhlili, hesablanması, emalı və ötürülməsini təmin edir (Şəkil 1.2).
Qeyd edək ki, kompüterdə prosessor bir ədəd olmur – videoplata, səs platası, çoxlu sayda xarici qurğu – bunlar hamısı öz prosessorları ilə təchiz olunmuşdur. Lakin onların hamısı Mərkəzi Prosessordan fərqli olaraq dar bir çərçivədə xüsusiləşdirilmiş olur. Məsələn, onlardan biri səsin emalı, digəri isə 3-ölçülü təsvirlərin yaradılması ilə məşğul olur. Mərkəzi prosessorun əsas və fərqləndirici xüsusiyyəti – onun universal olmasıdır. Yəni lazım gəldikdə, mərkəzi prosessor istənilən işi yerinə yetirə bildiyi halda, videoplatanın prosessoru musiqi faylının kodunu aydınlaşdıra bilmir.