İaşə müəssisələrində çoxlu miqdarda şkaflardan istifadə olunur (quru məhsullar, qablar və inventar üçün). Onların hamısında 15-20 sm. hündürlükdə ayaqları olmalıdır (Şəkil 1.63). Bu onların altında olan döşəmədə müvafiq sanitar vəziyyətini saxlamağa imkan verir. Şkafın üstü hamar və qabağa meyilli olmalıdır. Bölgü taxtası üçün bərk ağac növündən istifadə olunur. O, hamar, çatsız və kifayət qədər qalın olmalıdır ki, işləndikcə üzünü yonub düzəltmək mümkün olsun. Bütöv ağac parçası gigiyenik cəhətdən yaxşı hesab edilir.
Sanitar qaydalarına uyğun olaraq 150 və daha çox sayda oturacaq yeri olan yeməkxanalarda, hazırlama lövhəsinin (taxtasının), soyuducu və ət sexlərindəki inventarın emalı xüsusi avadanlıqlarla təchiz olunmuş yuyucu vannalarda həyata keçirilməlidir. Vannalara soyuq və isti su çəkilib onlar kanalizasiya xəttinə birləşdirilir.
Bütün istehsalat sexlərində qida tullantılarını yığmaq üçün 20 litrdən az tutumu olmayan, qapaqla təchiz olunmuş pedallı çəlləklər nəzərdə tutulur (Şəkil 1.64).