İri iaşə müəssisələrində (xüsusən, özünəxidmət müəssisələrində) qabları tez yumaq və dezinfeksiya etmək üçün xüsusi qabyuyan maşınlar vardır. Bunlar da qabları hərəkət edən konveyerlərə əvvəlcə yuyulmaq, sonra isə dezinfeksiya olunmaq üçün su şırnağı altında ötürür. Müştərilərə xidmət otaqlarına – vestibül, qarderob, ayaqyolu və əlüzyuyanlar aiddir. Əl və üz yuyulan yerdə ”elektrik əl və üz qurudan” qoyulmalıdır. Müştərilərə xidmət göstərmək üçün əsas otaq nahar salonudur, o, rahat, təmiz, geniş (hər adama 1,25 m2), işıqlı olmalı və havası vaxtlı-vaxtında dəyişdirilməlidir.
Burada stollar bir-birindən azı 1,5 m. özünəxidmət yeməkxanalarında isə 2 m-ə qədər aralı olmalıdır. Açıq rəngli plastik kütlə çəkilmiş stollar gigiyenik cəhətdən çox əlverişlidir. Nahar zalları və ya ayrıca otaqlarda bufet də təchiz edilir. Özünəxidmət yeməkxanalarında bufeti salonun girişinə yaxın yerləşdirmək lazımdır. Bufetdə toz və milçəkdən qorunmaq üçün yeyinti məhsullarının üzərini örtmək lazımdır.
Tez xarab olan yeyinti məhsulları soyuducu vitrinlər və soyuducu şkaflarda saxlanır.
Bufetə boşqablar və cihazlar ümumi qabyuyan yerdən gətirilir. Stəkan və fincanlar tez-tez çirkləndiyi üçün, adətən onlar bufetdə yuyulur. Bunların çöl tərəfi müştərilərin ağzına dəyib daha çox çirklənir deyə stəkanların həmçöl tərəfi, həm də içərisini yaxşı-yaxşı yumaq lazımdır. Stəkan və fincanlar fəvvarə vuran su ilə yuyulur (Şəkil 1.38).
Ticarət və kütləvi qidalanma müəssisələrinə göstərilən sanitar tələblərdə əsas məqsəd qida məhsullarına mikrobların düşməməsi, qida zəhərlənmələrinin baş verməməsi, həmçinin, qida məhsullarına sağlamlıq üçün ziyanlı olan üzvi və qeyri-üzvi maddələrin düşməsini minimuma endirməkdən ibarətdir.
Qablara göstərilən sanitar-gigiyenik tələblər
Qida məhsulları saxlama, daşıma və texnoloji emal proseslərində avadanlıqlar, qab-qacaq, tara və inventarla daima əlaqədə olur (Şəkil 1.39). Ona görə də yemək hazırlanan materiallara qarşı bir sıra gigiyenik tələblər irəli sürülür (Şəkil 1.40). Belə ki, bu materiallar qidaya zəhərli qarışıqlar verməməli və paslanmaya məruz qalmamalıdır. Bundan əlavə, onlar asan təmizlənməli, yuyulmalı və yağsızlaşdırılmalıdır. Çox zaman mətbəx qabları və taralar hazırlamaq üçün müxtəlif metallardan istifadə olunur
Paslanmayan poladın tərkibinə antikorroziya xassəsinə malik xrom, nikel və bəzi başqametallar daxildir. Bu ərintilər yüksək kimyəvi möhkəmliyi ilə fərqlənir, qida məhsullarının orqanoleptik xassəsinə təsir etmir və onlarda üzvi turşuların miqdarı çox olduqda belə xörəklərə zərərli maddələr vermir.