Qida məhsullarının emalında müxtəlif texnoloji əməliyyatlar üçün istifadə olunan çoxlu mexaniki avadanlıqlardan istifadə, əmək məhsuldarlığını artırmaqla yanaşı sanitar cəhətdən də effektlidir. Belə ki, maşın istifadə edilən vəziyyətdə bakteriyaların qida məhsullarına düşməsi kəskin azalır.
Mətbəx qabları və qab-qacağın yuyulması və dezinfeksiyası
Xörəyi yedikdə qab-qacağa müştərilərin əl və ağızlarından müxtəlif mikroorqanizmlər düşə bilər. Qab qacağı pambıqla silib bakterioloji analizdən keçirdikdə onlarda stafilokoklar, hemolitik sarılıq, bağırsaq çöpləri, bəzən də vərəm bakteriyaları tapılır.
Qab-qacağı əllə yumaq üçün 3 bölməli vannalardan istifadə edilir (40 x 45 x 40 sm) (Şəkil 1.37). Əvvəlcə boşqabların dibində qalan xörək silinib təmizlənir. Sonra birinci iki bölmə 45-500C-yə qədər qızdırılmış su ilə doldurulur. Qabları yağ və başqa üzvi maddələrdən daha yaxşı təmizləmək üçün isə birinci şöbəyə yağı yuyub aparan maddələr – susuz soda (1%), kül və s. əlavə edilir. Qablar birinci bölmədə liflə yuyulduqdan sonra ikinci bölməyə yığılır, burada yuma prosesi başa çatdırılır. İkinci bölmədə dezinfeksiya üçün suyun hər litrinə 10%-lik xlorlu əhəng məhlulundan 10 ml. əlavə edilir. Sonra boşqablar məftildən hörülmüş zənbilə qoyulur və üçüncü şöbədə qaynar suyun altında yuyulur, yaxud üzərinə qaynar su gəzdirilir. 2-3 dəqiqədən sonra isə boşqablarla birlikdə səbət çıxarılır. Təmizlənmiş və dezinfeksiya edilmiş boşqablar böyrü üstə tərəcələrə yığılır, isti qablar tez quruduğu üçün isə onlar dəsmalla qurulamaq lazım gəlmir. Stəkan və nəlbəkilər ayrı-ayrı vannalarda iki dəfə yuyulur.