Gigiyena və sanitar normalara uyğun mətbəx və şəxsi gigiyena qaydalarına riayət edən işçi heyəti təhlükəsiz qidanın təminatçısıdır.
Qida sənayesi və iaşə müəssisələrində mexaniki avadanlıqların tətbiqi əmək şəraitini yüngülləşdirmək və yaxşılaşdırmaqla yanaşı, həm də onun məhsuldarlığını yüksəldir və müəssisələrin sanitar rejimini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
İaşə müəssisələri kütləvi qidalanma müəssisələri kimi qüvvədə olan normalara müvafiq olaraq mexaniki, yanacaq, ticarət və soyuducu avadanlıqlarla təchiz edilməlidir. Hazırda məhsulların kulinar emalı əvvəlcədən təyin edilmiş ayrıca texnoloji əməliyyatları, bir çox mexaniki prosesləri maşın və mexanizmlərin köməkliyi vasitəsi ilə həyata keçirilir. Texnoloji avadanlıqların yerləşdirilməsi onlara keçmə yolunu təmin etməli, bu zaman istehsal proseslərinin axınına əməl olunmalı, həmçinin texnoloji təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə riayət edilməlidir.
Mexaniki avadanlıqlar qida məhsulları ilə daimi əlaqədə olduğu üçün, onlar müəyyən sanitargigiyenik tələblərə cavab verməlidirlər. Belə ki, materialın təhlükəsizliyinə, konstruksiyanın sadəliyinə, sanitar emalının asanlığına, mexanizmlərin təyinatına və müəyyən olunmuş məhsullara görə onların istifadəsi asan olmalıdır.
İaşə müəssisələrində məhsulların mexaniki kulinar emalı zamanı ən çox ayrıca texnoloji əməliyyatı yerinə yetirən maşınlar tətbiq edilir. Məsələn, tərəvəzin emalı zamanı yuyucu, tərəvəz təmizləyən maşınlar, tərəvəzi doğramaq üçün maşın və s. istifadə olunur. Tərəvəz emalı üzrə mexanikləşdirilmiş axın xətti çox effektli və perspektivlidir. Bu xəttə yuma, təmizləmə, doğrama əməliyyatları və bəzən onların isti emalı üçün maşınlar daxildir. Əti və balığı emal edən zaman məhsulu xırdalayan, əti yumşaldan, qiymə qarışdıran, kotleti formalaşdıran maşınlarda tətbiq edilir. Həmçinin çörək və qastronomiya məhsullarını doğramaq üçün maşınlardan da geniş istifadə edilir.