Sektor modulu üzrə təlim materialı
Təyinatına görə tərəvəzdoğrayan maşınlar çiy və bişmiş tərəvəzdoğrayan maşınlara bölünür. Konstruktiv tərtibatına görə isə diskli, rotorlu, panson tipli və kombinəedilmiş maşınlara ayrılır. Diskli tərəvəzdoğrayan maşın və mexanizmlər emal müəssisələrinin uyğun sexlərində quraşdırılır (Şəkil 1.16).
Tərəvəzdoğrayan maşınların istismar qaydaları - işə başlanmazdan əvvəl maşının istehsalat stoluna möhkəm bağlanması və elektrik mühərrikinin yerlə birləşdirilməsi yoxlanılır. Doğrama forma və ölçülərindən asılı olaraq lazımi kəsmə mexanizimlər komplekti müəyyən ardıcıllıqla yığılır. Kombinəedilmiş tərəvəzdoğrayanlarda boşaltma qabının pəncərəsinə lazım olan bıçaq toru qoyulur; bıçaq bərkidilir və boşaltma qabı ilə birlikdə qapaq bağlanılır.
|
Şəkil 1.16. Diskli tərəvəzdoğrayan
|
Müstəvi bıçaq ilə bıçaq torunun ara boşluğu çox az olmalı, bıçaq isə yaxşı itilənməlidir.
Mühərrik işə salındıqdan sonra yükləmə bunkerinə suda bişmiş tərəvəz yığılır və itələyicinin köməyi ilə o, bıçaq toruna astaca sıxılır. Müstəvi bıçaq bıçaq toru ilə bunkerin arasından keçərkən tərəvəz yumrusundan bir tikə kəsir və öz çəp hissəsi ilə kəsdiyi tikəni bıçaq toruna basır.
Doğranmış tərəvəz maşının qabağına qoyulmuş taraya yığılır. Tərəvəzi əl ilə bıçaq toruna itələmək qəti qadağan edilir. İş sonlandırıldıqdan sonra qapaq, bıçaq qəlibi və bıçaq çıxarılıb qaynar su ilə yuyulur, qurudulur və bitki yağı ilə yağlanır. Maşın xaricdən yumşaq parça ilə qurulanır. Həftədə bir dəfədən gec olmayaraq ixtisaslı mexanik bıçaqları bülöv daşında itiləməlidir.
Ətdoğrayan maşınlar - bir sıra emal müəssisələri, o cümlədən, ticarət və iaşə sistemində ətin xırdalanması üçün ətçəkən maşınlar, tikəli ət porsiyalarının yumşaldılması üçün isə ətyumşaldan maşınlardan geniş istifadə edilir. Ətçəkən maşınlarda məhsul axıra qədər çıxarsız xırdalanmalı, şirə axını əmələ gəlməməli və xırdalanan məhsulun ölçüsü axırıncı bıçaq torunun deşiklərinin diametrindən böyük olmamalıdır. Məhsulun yumşaldılmasında ət porsiyaları bütün səth üzrə bərabər səviyyədə çərtilməli və şirə itkisinə yol verilməməlidir (Şəkil 1.17).
|
Şəkil 1.17. Ətdoğrayan maşın
|