Hörmətli oxucu!
Mətbəx - qidanın hazırlanması üçün xüsusi avadanlıq və mebellə təchiz olunmuş məkandır. Müasir mətbəxdə pilətə, qabları yumaq üçün çanaq, iş masası, soyuducu, mətbəx ləvazimatı, qab-qacağın və quru ərzaq növlərinin saxlanması üçün şkafların olması vacibdir. Mətbəxdə ərzaqların kulinar emalından əvvəl və sonra qidanın hazırlanıb masaya verilməsi zamanı, həmçinin müxtəlif təsərrüfat məqsədləri üçün çeşidli qab-qacaqdan istifadə edilir.
Bu qab-qacaq metal, keramika, şüşə və mətbəx avadanlığı üçün nəzərdə tutulmuş zərərsiz plastik kütlədən hazırlanır.
Heç bir mətbəxdə yemək bişirərkən daha sürətli, rahat və təhlükəsiz edən mətbəx, avadanlıqsız keçinmir. Qazan, tava, boşqab, bıçaq, habelə xüsusi qab və aksesuarlar ləziz yeməklər, bişmə və içkilər hazırlamağa imkan verir. Müxtəlif forma və ölçülülər isə mətbəx məkanından səmərəli istifadə etmək imkanının bir hissəsidir.
Modulun öyrənilməsi ixtisasla bağlı bir sıra peşəyönümlü və ixtisaslaşma fənlərinin tədrisində qazanılan biliklərlə sıx əlaqədardır.
Hazırki modulda bir çox məsələlərə nəzər yetirilmişdir. İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması üçün zəruri sayılan bilik və bacarıqları özündə əks etdirən modul, 1 təlim nəticəsindən ibarətdir. Təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanmış, verilən məzmunun möhkəmləndirilməsi üçün “Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Təlim nəticəsində təhsilalanlara texnoloji avadanlıqların təsir xarakterinə görə aparatlara və maşınlara bölünməsi üsulları qeyd edilmişdir. Aparatlarla istilik və kütlə mübadiləsi, fiziki-kimyəvi, biokimyəvi və başqa proseslər yerinə yetirilir. Bu proseslər nəticəsində emal edilən məhsulun fiziki və kimyəvi xassələri və ya onun aqreqat vəziyyəti dəyişir. Aparatın işləməsi üçün müxtəlif işçi mayelərin (soyuq, isti su) qazın, buxarın, tüstünün, istilik və soyuqluq amilinin və s. olması vacibdir. Maşınlarda məhsula mexaniki təsir göstərilir və bunun nəticəsində onun həndəsi və fiziki-mexaniki göstəricilərin dəyişilməsi baş verir. Burada maşın və aparatlara tələbatların olmasından bəhs edilir.
Təlim nəticəsində avadanlığın uzunömürlü və fasiləsiz işləməsinin əsas şərti onun mexaniki etibarlığı və konstruktiv təkmilliyi məsələsi vurğulanır.
Mətbəx sahələrində işləyən işçi heyəti şəxsi gigiyena qaydalarına riayət etməklə həm özü, həmdə xidmət etdiyi müştərilərin sağlamlığını təmin etmiş olur. Sanitar normaların tətbiq edildiyi iş mühiti və gigiyena qaydalarına riayət edən işçi heyəti çarpaz və ya digər yoluxma ilə mikroorqanizmlərin qidaları çirkləndirməsinin qarşısını alır.
Mətbəxdə işin təşkili və avadanlıqlarla təchizatı və saxlanması tələbləri ictimai iaşə müəssisələri, qida məhsulları və ərzaq xammalının hazırlanması və emalına dair sanitariya normaları, eləcə də iş zamanı əməyin mühafizəsi üzrə təlimatlara uyğun olmalıdır.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı sizə verilən materialların həm nəzəri, həm də praktik mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.