Kompleks nahar (səhər yeməyi, şam yeməyi) menyusunu tərtib edən zaman, rasional qidalanma normaları ilə yanaşı, rasionun qiymətini, xörəklərin tərkibinə daxil edilən məhsulların müxtəlifliyi və onların düzgün seçilməsi nəzərə alınır. Kompleks nahar menyusuna, bir qayda olaraq, soyuq qəlyanaltılar, şorbalar, ikinci isti xörəklər və desertlər daxil edilir (Cədvəl 1.2).
Çıxarı, qramla | Xörəklərin adı | Qiyməti, manat |
150 | Zeytun yağı ilə yunan salatı | |
250/50 | Toyuq əti ilə əriştə şorbası | |
150/150 | Poltavasayağı kotlet | |
200 | Zoğal içkisi | |
100 | Çovdar çörəyi | |
50 | Buğda çörəyi |
Gündəlik ehtiyaca və əlavə ehtiyaclara uyğun olaraq bazarlıq siyahıları xörəklərin tərkibinə və qiymətinə görə əvvəlcədən 2 variantda tərtib etmək məsləhətdir.
Fəhlə, tələbə və məktəb yeməkxanalarında kompleks nahar (səhər və şam yeməyi) menyusu, bir qayda olaraq 7-10 gün üçün tərtib edilir, bu da xörək çeşidlərinin həftənin günləri və yaxud da dekada üzrə istehsal müxtəlifliyinə imkan yaradır.
Biznes-lanç menyusunu isə xüsusi ayrılmış vaxtda (bir qayda olaraq, saat 12-dən 16-ya qədər), qonaqların tez bir zamanda xidməti üçün restoranlarda tərtib edirlər. Biznes-lanç menyusu ilə qidalanmanın həyata keçirilməsi üçün özünün istehsalı olan yarımfabrikatlardan istifadə edilir. Bu menyu növü iş üzrə danışıqlar aparan iştirakçılar və həmçinin yaxınlıqda yerləşən ofis, bank məmurları üçün nəzərdə tutulur.
Gündüz rasionu menyusu ən çox simpozium, müşavirə və konfrans iştirakçıları üçün tərtib olunur. Bu menyu növünün tərtibi zamanı xidmət olunan istehlakçı kontingentinin xüsusiyyətləri nəzərə alınır (yaş, milliyyət, məşğuliyyət növü). Gündüz rasionu menyusunun kaloriliyi 2000-dən 5000-dək kkal arasında olur.