İş növbəsinin təhvil alınması
İş və istirahət rejiminin təkmilləşdirilməsi müəssisədaxili prosedurlara uyğun olaraq həyata keçirilir. İş və istirahətin rasional rejimlərinin tətbiq edilməsi, yəni fizioloji cəhətdən əsaslanan iş və istirahət vaxtının növbələnməsi bir çox hallarda iş yerində əməyin effektivliyini müəyyən edir.
Uzunmüddətli aramsız iş vaxtı və qısa istirahət zamanı işçilərdə yorğunluq yaradır və iş qabiliyyəti aşağı düşür. İstehlakçılar axınının öyrənilməsi, ofisiantlar, metrdotellər (bir restoran və ya hotel qonaqlarına xidmət göstərmək işini koordinasiya edən şəxs) və ticarət qrupunun digər işçilərinin aramsız və keyfiyyətli xidmətinin təminatı zamanı iş vaxtının rasional istifadəsi nəzərə alınaraq iş qrafikinin düzgün tərtib edilməsinə imkan yaradır. Müəssisələrdə işin normal aparılması üçün işçilər iş qrafikinə əsasən rejimə əməl etməlidirlər.
İaşə müəssisələri həftədə beş, altı və yeddi gün ərzində bir, bir yarım və ikinövbəli iş rejimi ilə açıq ola bilər. Restoranlar aramsız olaraq yeddi günlük iş həftəsi ilə, istirahət günləri olmadan, bir yarım və iki növbə ilə işləyə bilər.
Fəhlə və qulluqçular üçün 40 saatlıq və iki istirahət günü olmaqla beşgünlük iş həftəsi təyin olunmuşdur. Gündəlik işin müddəti daxili əmək cədvəli və iş qrafiki ilə müəyyən olunur. Bir qayda olaraq, iş günü 8 saat təşkil edir. Təyin olunmuş iş müddətinin işlənməməsi iş günlərindən əlavə çıxılmaqla, çox işlənməsi isə istirahət günlərinin əlavə edilməsi aradan qaldırılır. İstisna hallarda, bütün həftə ərzində bir yarım növbədə işləyən və normal müddətli iş gününün təyin edilməsi mümkün olmayan müəssisələrdə ay ərzində iş vaxtının cəmlənmiş uçotuna icazə verilir. Bu zaman iş gününün maksimal davamlılığı və növbəti gün istirahət təqdim edilməklə 11 saat 30 dəqiqədən çox olmamalıdır. Bir iş həftəsi 40 saatdan ibarət olmalıdır.