Aşpaz
Yay aylarında kiseli müxtəlif giləmeyvələrdən, qışda isə mürəbbələrdən hazırlamaq olar (Şəkil 4.16).
Tərkibi:
- istənilən mürəbbə (qarağat, moruq, çiyələk, zoğal, albalı) - 5-6 xörək qaşığı (mürəbbənin miqdarını zövqə görə azaltmaq və ya artırmaq olar);
- su - 1 l (əlavə 1/2 stəkan - nişastanı qarışdırmaq üçün);
- şəkər tozu - 2-3 xörək qaşığı (mürəbbənin şirin və ya turş olması və sizin zövqünüzdən asılıdır);
- nişasta - 3-4 xörək qaşığı.
|
Şəkil 4.16. Mürəbbədən hazırlanan kisel
|
Hazırlanması:
Mürəbbə qazanda su ilə yaxşı qarışdırılır və oda qoyulur. Su 5 dəqiqə qaynadıldıqdan sonra odun üzərindən götürülür, süzgəcdən süzülür ki, meyvələr kiselə düşməsin (əgər meyvələrlə xoşlanılırsa, süzməmək olar). Daha sonra şəkər tozu əlavə edilir. Nişasta stəkanda soyuq suda yaxşı qarışdırılır.
Mürəbbəli su odun üzərinə qoyulur və yavaş-yavaş qarışdıra-qarışdıra nişastanın məhlulu qazana əlavə edilir.
Kisel qaynamağa başlayan kimi dərhal odun üzərindən götürülür (kiseli qaynatmaq olmaz), bir qədər soyudulduqdan sonra içilir.
Alma kiseli
Alma seçilir və yuyulur . Qabıqlı almanın toxum yuvaları çıxarılır, dilimlənir, üzərinə isti su əlavə edilir, qapağı örtülü qazanda tam bişirilir və həlim süzülür. Bişmiş almalar sürtkəcdən keçirilir.
Alma püresi həlimə qatılır, şəkər və limon duzu vurulub, qaynadılır. Sonra qabaqcadan soyuq həlimdə həll edilmiş kartof nişastası əlavə edilir, tez qaynar vəziyyətə gətirilir (lakin qaynadılmır) və stəkanlara tökülüb soyudulur (Şəkil 4.17).
|
Şəkil 4.17. Alma kiseli
|